Naxçıvanda 5 yeni körpələr evi-uşaq bağçası tikiləcək

Naxçıvanda 5 yeni körpələr evi-uşaq bağçası tikiləcək

24 İyun 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 5 yeni körpələr evi-uşaq bağçasının inzibati binalarının tikinti işlərinin layihələndirilməsi məqsədilə müsabiqə elan edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, layihə çərçivəsində Naxçıvan şəhəri, həmçinin Culfa, Ordubad, Kəngərli və Şərur rayonlarının hər birində bir ədəd olmaqla ümumilikdə 5 körpələr evi-uşaq bağçasının layihələndirilməsi nəzərdə tutulur.

Satınalan təşkilat qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi çıxış edir.

Qeyd edək ki, layihənin həyata keçirilməsi məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsi, uşaqların müasir standartlara cavab verən təhsil və qayğı müəssisələri ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Yeni bağçaların gələcəkdə istifadəyə verilməsi regionlarda məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına və bu sahədə mövcud imkanların genişlənməsinə töhfə verəcək.