Azərbaycanda 500 hektar müasir istixana yaradılacaq
2030-cu ilədək Azərbaycanda 500 hektar müasir istixana yaradılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2030-cu ilədək ölkədə müasir istixana sahələrinin 500 hektar artırılması hədəfi müəyyən edilib: "Əsas məqsəd istixanaların aqroparklarda, sənaye və aqrar zonalarda yerləşdirilməsini təşviq etməkdir. Bu istiqamətdə dövlət tərəfindən zəruri kommunal infrastrukturun yaradılması və çəkilməsi nəzərdə tutulur. Eyni zamanda, təşviq sənədi əldə edən investorlar 7 il müddətində ölkəyə idxal etdikləri avadanlıq, qurğu və materiallara görə gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunacaqlar. Həmin müddətdə onlar müxtəlif vergi güzəştlərindən də yararlana biləcəklər".
Nazir bildirib ki, bundan əlavə, istixana təsərrüfatlarının uçotunun təkmilləşdirilməsi də nəzərdə tutulur: "Bu məqsədlə onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası genişləndiriləcək və sahə üzrə tam uçotun təmin olunmasına çalışılacaq. Elektron sistemə qoşulan və dövlət proqramlarında iştirak edən istixana fermerləri əlavə dəstək mexanizmlərindən də faydalana biləcəklər. Bu dəstəklərdən biri kimi, qazdan elektrik enerjisinin əldə olunmasına xidmət edən avadanlıqların maliyyələşdirilməsində dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur".
M. Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərdə 5 min hektardan çox intensiv bağ salınacaq. "Azad olunmuş ərazilərdə müasir suvarma sistemlərinin genişləndirilməsi və intensiv bağçılığın inkişafı əsas prioritet istiqamətlərdəndir: "Azad olunmuş ərazilər üzrə keçirilmiş iki investisiya müsabiqəsi artıq başa çatıb. Həmin müsabiqələrin nəticələrinə əsasən, 5 min hektardan artıq sahədə müasir intensiv bağların salınması ilə bağlı müraciətlər qəbul edilib və investorlar, eləcə də sahibkarlarla müvafiq müqavilələr imzalanıb. Bundan əlavə, istixana komplekslərinin yaradılması istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda ilk belə iri istixana kompleksinin azad olunmuş ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının qarşı tərəfində 230 hektar torpaq sahəsi ayrılıb və həmin ərazidə müasir istixana kompleksinin inşası planlaşdırılır".








