Elbrus İsayev: Festivalda 382 elmi məruzə təqdim olunub
Ordubadda keçirilən III Qərbi Azərbaycana Qayıdış Konqres-Festivalı çərçivəsində ölkənin 70-ə yaxın elm və təhsil müəssisəsindən 382 məruzə təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, konqres-festival Qərbi Azərbaycana qayıdış ideyasının elmi, mədəni və ictimai müstəvidə təbliğinə xidmət edir. Tədbirə ölkənin müxtəlif bölgələrindən, ali təhsil müəssisələrindən, dövlət qurumlarından və ictimai təşkilatlardan yüzlərlə iştirakçı qatılıb.
Onun sözlərinə görə, panel müzakirələri, kitab və layihə təqdimatlarında iştirak etmək üçün 200-ə yaxın xüsusi dəvətli qonaq festivala gəlib. Konfranslar 8 istiqamət üzrə 30-dan çox bölmədə davam etdirilir.
Elbrus İsayev qeyd edib ki, festival çərçivəsində təşkil olunan sərgilərdə Qərbi Azərbaycana aid kitablar, tarixi eksponatlar, sənət nümunələri və milli mətbəx nümunələri nümayiş olunur. Sərgilərdə 20-yə yaxın qurum təmsil edilir.
Rektor vurğulayıb ki, tədbir Qərbi Azərbaycana qayıdış ideyası ətrafında birləşən hər kəs üçün açıqdır və Ordubad iki gün ərzində minlərlə iştirakçını qəbul edir.








