Şahbuzda yetkinlik yaşına çatmayanlarla bağlı tədbir keçirilib -

Şahbuzda yetkinlik yaşına çatmayanlarla bağlı tədbir keçirilib - FOTO

18 İyun 2026

Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından danışıb.

Daha sonra Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Nəcəfzadə və Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Elşən Babayev çıxış edərək yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, hüquqpozmaların profilaktikası və bu sahədə qanunvericiliyin tələbləri barədə məlumat veriblər.

Çıxışlarda bildirilib ki, cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədildiyi vaxtadək 18 yaşına çatmamış şəxslər nəzərdə tutulur. Qeyd olunub ki, onların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq formasında aparılır. Həmçinin belə işlər üzrə icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı, həyat və tərbiyə şəraiti, fiziki, intellektual və əqli inkişaf səviyyəsi, eləcə də digər iştirakçılar olduqda işin ayrıca icraatının mümkünlüyü kimi halların müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.