Ceyhun Cəlilov: Konqres-festival Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək
Qərbi Azərbaycan mövzusu Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlıdır. Bu məsələyə dövlət səviyyəsində daim böyük diqqət göstərən Ümummilli Liderimiz Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyini hər zaman diqqətdə saxlamış, onların hüquqlarının müdafiəsini mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. Ulu Öndər qeyd edirdi ki, Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirilən deportasiya və etnik təmizləmə siyasətinin öyrənilməsi, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Məhz müəyyən edilmiş bu siyasi xətt nəticəsində xalqımızın tarixi yaddaşının qorunması və həqiqətlərin sistemli şəkildə araşdırılması istiqamətində mühüm addımlar atılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov "Qərbi Azərbaycana qayıdış" III festival-konqresində çıxışı zamanı deyib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və rəhbərliyi, Azərbaycan xalqının birliyi və qəhrəman oğullarımızın şücaəti ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin tam suverenliyinin təmin edilməsi xalqımızın tarixində yeni bir mərhələ açıb. Bu şanlı qələbələr Azərbaycan dövlətinin gücünü xalqımızın iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirib. Məhz yeni reallıqlar şəraitində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan məsələsini milli gündəliyin mühüm istiqamətlərindən biri kimi müəyyən edib.
“Bugünkü konqres-festival da məhz bu məqsədlə təqdim ediləcək elmi araşdırmalar, keçiriləcək müzakirələr, nümayiş olunacaq mədəniyyət və folklor nümunələri ilə Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək”, – deyə Ceyhun Cəlilov vurğulayıb.
Qeyd edək ki, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” III festival-konqresi kecirilir.








