Ziyafət Əsgərov: Qərbi Azərbaycana qayıdış Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı Azərbaycanın xarici siyasət konsepsiyasının mühüm prioritetlərindən biridir.
“NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, o, Naxçıvanda jurnalistlərə açıqlamasında qeyd edib ki, artıq üçüncü dəfə təşkil olunan konqres-festival böyük maraqla qarşılanır və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, Qərbi Azərbaycan İcması deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, onların doğma torpaqlarına sülh yolu ilə qayıdışının təmin edilməsi və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərir.
Ziyafət Əsgərovun sözlərinə görə, hər bir qərbi azərbaycanlının ata-baba yurduna qayıtmaq hüququ var və bu, onların qanuni, tarixi və mənəvi haqqıdır. O bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi heç bir ərazi iddiası anlamına gəlmir və məqsəd beynəlxalq hüquq normalarına uyğun şəkildə doğma torpaqlarda təhlükəsiz və ləyaqətli həyatın təmin edilməsidir.
Milli Məclis sədrinin müavini həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla başa çatması gələcəkdə insanların öz yurdlarına qayıtmasına və regionda dinc birgəyaşayışın formalaşmasına imkan yarada bilər.
O əlavə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh prosesinin vacib şərtlərindən biridir. Bu istiqamətdə atılacaq addımların iki ölkə arasında münasibətlərin normallaşmasına, siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, bütün məsələlərin dialoq və qarşılıqlı hörmət əsasında həll edilməsidir. O vurğulayıb ki, prosesin gələcək inkişafı Ermənistanın sülh gündəliyinə sadiqliyindən asılı olacaq, Azərbaycan isə milli maraqlarını əsas tutaraq siyasətini davam etdirəcək.








