Cinayətə etməyə cəhdə görə qanunvecilikdə məsuliyyət nəzərdə tutulubmu? HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayətə etməyə cəhdə görə qanunvecilikdə məsuliyyət nəzərdə tutulubmu?
Cavab: Cinayət məsuliyyətinə cəlb etmə yalnız törədilib başa çatmış cinayətlərə görə deyil, həmçinin başa çatmamış cinayətlərə görə də ola bilər. Cinayətin hazırlanmasına və törədilməsinə yönələn hərəkətlər qanunla cinayət hesab edilən əməlin bütün əlamətlərinə malik olur. Buna görə də, cinayət qanunvericiliyi təkcə başa çatan cinayətə görə deyil, həm də bitmiş cinayətdən öncə hələ başa çatmayan ictimai-təhlükəli əməllərə görə də məsuliyyət müəyyən edir.
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai-təhlükəli nəticə baş vermir. Lakin, buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə, ümumiyyətlə, nəticə olmur. "Cinayətə cəhd – nəticəsi cinayətdir" dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Bəzən cinayətə cəhddə yol verilən hərəkətlər cinayəti başa çatdırmasa da müəyyən nəticələr doğura bilər. Cinayət etməyə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








