Hansı törədilmiş əməl cinayətin qəsdən törədilməsi hesab olunur? -

Hansı törədilmiş əməl cinayətin qəsdən törədilməsi hesab olunur? - HÜQUQ MƏSLƏHƏTİ

16 İyun 2026

Sual: Hansı törədilmiş əməl cinayətin qəsdən törədilməsi hesab olunur?

Cavab: Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Birbaşa qəsd dolayı qəsddən iradi ünsürünə görə fərqlənir. Düzünə qəsdlə törədilən cinayətdə şəxs öz əməlinin nəticələrini arzu edir, lakin dolayı qəsddə arzu etməyərək ona şüurlu surətdə yol verir.

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.

Qəflətən baş verən qəsd mövcud şəraitin təsiri altında formalaşır. Cinayətin törədilməsi üçün real imkan yaranır və yaranmış vəziyyət şəxsdə cinayət törətmək istəyi yaradır. Məsələn, nəzarətsiz əmlakın oğurlanması.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov