Elbrus İsayev: “Qərbi Azərbaycana qayıdış” tarixi yaddaş və milli ideyanın tərkib hissəsidir

Elbrus İsayev: “Qərbi Azərbaycana qayıdış” tarixi yaddaş və milli ideyanın tərkib hissəsidir

18 İyun 2026

"Bu gün burada, sadəcə, tədbir iştirakçıları kimi deyil, tarixi yaddaşımızı yaşadan, milli kimliyimizi qoruyan və gələcək nəsillərə ötürən böyük bir ideyanın daşıyıcıları kimi toplaşmışıq. Təqdim olunacaq məruzələr, elmi tədqiqatlar, mədəni proqramlar və yaradıcı layihələr ümumi məqsədimizə – tarixi yaddaşın qorunmasına və gələcək nəsillərin maarifləndirilməsinə xidmət edəcəkdir".

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu  barədə Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalında çıxışı zamanı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. 

Rektor qeyd edib ki, Azərbaycan xalqının müasir tarixində yeni mərhələ yaradan Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi oldu. Bu zəfər yalnız işğal altında olmuş torpaqlarımızın azad edilməsini təmin etmədi, eyni zamanda xalqımızın tarixi yaddaşında yaşayan bir çox məsələlərin daha geniş müstəvidə müzakirəsinə və həllinə yeni imkanlar yaratdı.
Məhz zəfərdən sonra "Qərbi Azərbaycana qayıdış" ideyası Azərbaycan cəmiyyətinin əsas milli ideyalarından birinə çevrildi. Çünki xalqımız yaxşı bilir ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir.
Bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın taleyi, onların hüquqlarının müdafiəsi və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması dövlətimizin və cəmiyyətimizin prioritet istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq prinsipləri və insan hüquqları çərçivəsində, sülh yolu ilə həyata keçirilməli olan tarixi məqsəddir.
Bu gün keçirilən  konqres-festival da məhz bu yeni reallıqlar fonunda milli yaddaşımızın möhkəmləndirilməsinə, Qərbi Azərbaycan irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

"Qərbi Azərbaycan mövzusu xalqımızın tarixi, mədəniyyəti və mənəvi irsinin ayrılmaz tərkib hissəsidir. Bu torpaqlarda əsrlərlə yaşamış soydaşlarımız zəngin maddi və mənəvi dəyərlər yaratmış, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermişlər. Tarixin müxtəlif mərhələlərində soydaşlarımız doğma yurdlarından məcburi şəkildə köçürülsələr də, xalqımız heç zaman tarixi yaddaşını itirməmiş, ata-baba torpaqlarına bağlılığını qoruyub saxlamışdır. "Qərbi Azərbaycana qayıdış" ideyası, hər şeydən əvvəl, tarixi ədalətin bərpasına, milli-mədəni irsin qorunmasına və doğma yurdlara mənəvi bağlılığın yaşadılmasına xidmət edən humanist məqsəddir. Konqres-festivalın əsas məqsədi də bu həqiqətləri daha geniş auditoriyaya çatdırmaq, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və irsi ilə bağlı elmi, ictimai və mədəni fəaliyyətləri bir araya gətirməkdir", – deyə Elbrus İsayev əlavə edib.