Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlanıb
Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq iyulun 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupu, eləcə də dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə növbəti test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, imtahan Bakı şəhərində elektron formada təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyunun 19-u saat 11:00-dan etibarən aktivləşdiriləcək.
Qeyd edək ki, iyulun 16-da keçiriləcək imtahana qeydiyyatdan keçən namizədlərin bu imtahana qeydiyyatına icazə verilmir.
İmtahanların keçirilmə qrafikinə uyğun olaraq BB vəzifə qrupu üzrə avqust ayında keçirilməsi nəzərdə tutulan növbəti test imtahanı avqustun 2-də təşkil ediləcək. Həmin imtahan üçün qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.








