Naxçıvanda kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi genişləndirilib
Kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması istiqamətində Aqrar Subsidiya Şurası yeni qərarlar qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni mexanizmə əsasən, fermerlərin istehsal üçün banklardan aldıqları kreditlərin illik faizinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına ödənəcək.
Bu güzəşt çəltik, qarğıdalı, pambıq, şəkər çuğunduru, tütün və müxtəlif dənli-paxlalı bitkilərin istehsalını əhatə edir. Məqsəd fermerlərin maliyyə yükünü yüngülləşdirmək və məhsuldarlığı artırmaqdır.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında müasir suvarma sistemlərinin tətbiqini təşviq etmək üçün subsidiya məbləğləri yenidən tənzimlənib. Kartof, tərəvəz və bostan sahələri üçün hər hektara ənənəvi suvarmaya nisbətən əlavə 150 manat subsidiya veriləcək.
Şuranın bu addımı kənd təsərrüfatında innovativ üsulların yayılmasını sürətləndirməyi və fermerlərin investisiya imkanlarını genişləndirməyi hədəfləyir.








