Vüqar Abbasov beynəlxalq konfransda iştirak edir - FOTO
Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov beynəlxalq konfransda iştirak edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.
Sözügedən tədbirdə Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak ediblər.
Sessiyada BƏT-in Baş direktorunun və İdarə Heyəti sədrinin məruzələri, konvensiya və tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatların dinlənilməsi, platforma iqtisadiyyatında layiqli iş üzrə standartların müəyyən edilməsi, iş yerində gender bərabərliyinin təmin edilməsi ilə bağlı ümumi müzakirələrin aparılması, eləcə də konfransın gündəliyinə daxil olan digər məsələlərə baxılması nəzərdə tutulub.









