Rəhman Hümmətov: "Nəqliyyat sektoru tarixi transformasiya mərhələsinə daxil olur"
Azərbaycanın nəqliyyat sektoru tarixi transformasiya mərhələsinə daxil olur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hazırda nəqliyyat sektoru bəlkə də tarixinin ən böyük transformasiya mərhələlərindən birini yaşayır: "Söhbət avtonom nəqliyyat vasitələrinin tətbiqindən gedir. Bir çox ölkədə bu texnologiyalar sınaq rejimində istifadə olunur. Avtonom nəqliyyat vasitələri yalnız nəqliyyat sistemlərinin fəaliyyət prinsiplərini dəyişdirmir, eyni zamanda təhlükəsizliyin artırılması, iqtisadi səmərəliliyin yüksəldilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün yeni imkanlar yaradır".
"Təhlükəsizlik aspektinə nəzər saldıqda, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il yol-nəqliyyat hadisələri nəticəsində təxminən 1,2 milyon insan həyatını itirir. Bu qəzaların təxminən 90 faizi insan faktoru ilə, yəni diqqətsizlik, yorğunluq və ya yol hərəkəti qaydalarının pozulması ilə əlaqələndirilir. Bu baxımdan avtonom nəqliyyat vasitələri artıq ilkin mərhələlərdə öz potensialını nümayiş etdirir. Süni intellekt əsaslı idarəetmə sistemləri insan faktorundan qaynaqlanan riskləri minimuma endirməklə yol-nəqliyyat hadisələrinin sayının və onların ağır nəticələrinin azalmasına mühüm töhfə verə bilər. Bu da nəqliyyatın daha təhlükəsiz və səmərəli gələcəyinə doğru atılan vacib addımlardan biridir", - deyə nazir müavini əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, avtonom nəqliyyatın tətbiqi iqtisadi səmərəliliyi artırır və kadr çatışmazlığını azaldır: "Avtonom nəqliyyat vasitələrinin tətbiqini zəruri edən əsas amillərdən biri də onların yaratdığı müsbət iqtisadi effektlərdir. Bu texnologiyalar nəqliyyat vasitələrinin iş rejimindən asılı olmayaraq daha səmərəli istismarına, yanacaq sərfiyyatının optimallaşdırılmasına, logistika proseslərinin təkmilləşdirilməsinə və sürücü çatışmazlığı probleminin qismən həllinə imkan yaradır. Sürücü çatışmazlığı məsələsi hazırda qlobal nəqliyyat sektorunun əsas problemlərindən biri hesab olunur. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının məlumatına görə, dünyada təxminən 3,6 milyon sürücü çatışmır. Eyni zamanda, yaxın 5 ildə əlavə 3,4 milyon sürücünün təqaüdə çıxacağı proqnozlaşdırılır. Bu isə qlobal miqyasda sürücülərə tələbatın daha da artacağını göstərir".








