Əli İbrahimbəyli: Naxçıvanda yol infrastrukturu müasir standartlara uyğun yenilənir

Əli İbrahimbəyli: Naxçıvanda yol infrastrukturu müasir standartlara uyğun yenilənir

03 Mart 2026

Naxçıvanda 1995-ci ildən bu günə kimi 20.7 kilometr yeni avtomobil yolu tikilib, 2.664 kilometr avtomobil yolu əsaslı təmir olunub, 96 körpü tikilərək vətəndaşların istifadəsinə verilib.

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və müasir avtomobil yolu layihələrinin icrası sürətlə davam etdirilir. Regionun beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində görülən işlər həm magistral yolları, həm də daxili yol şəbəkəsini əhatə edir.

Mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə ətraflı məlumatı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin mətbuat katibi Əli İbrahimbəyli verib.

Müsahib hazırda  muxtar respublikada fəaliyyət göstərən geniş yol şəbəkəsi haqda məlumat verib:

Agentlik, muxtar respublikada 1.161 kilometr uzunluğunda ümumi istifadədə olan avtomobil yollarına və 162 körpüyə xidmət göstərir. Bu yolların 269 kilometri respublika, 892 kilometri isə yerli əhəmiyyətli yollardır. Bundan əlavə, ümumi uzunluğu 2.952 kilometr olan bələdiyyə və icra hakimiyyətlərinin balansında olan yollar da diqqətdə saxlanılır".

Əli İbrahimbəyli həmçinin görülən işlərin statistik göstəriciləri haqda açıqlama da verib:

1995-ci ildən bu günə kimi 20.7 kilometr yeni avtomobil yolu tikilib; 2.664 kilometr avtomobil yolu əsaslı təmir olunub; 96 körpü tikilərək vətəndaşların istifadəsinə verilib.

Müsahib qeyd edib ki, təkcə 2025-ci il ərzində Dövlət Proqramına uyğun olaraq 56 kilometr avtomobil yolu əsaslı təmir olunub:

"Ötən ilin sonundan etibarən muxtar respublikanın 95.6 kilometrlik avtomobil yolunda əsaslı təmir işlərinə başlanılıb. Hazırda Naxçıvan şəhərinin bir sıra məhəllə və küçələrində yol əsasının möhkəmləndirilməsi və suötürücü qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Cari ildə də bu işlərin planlı şəkildə davam etdirilməsi nəzərdə tutulur".

"Müasir asfalt-beton zavodları və gücləndirilmiş maddi-texniki baza sayəsində ən ucqar dağ kəndlərinə belə rahat gediş-gəliş təmin edilib. Bu infrastruktur həm də Zəngəzur dəhlizinin açılması fonunda regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaqdı",– deyə Agentlik rəsmisi vurğulayıb.

Müsahibəni hazırladı:

Nəzrin Umay