Rübabə Həsənova: Naxçıvanda binaların üzlənməsi ilə bağlı təmir işləri aparılır
Naxçıvan şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının üzlənməsində yaranmış problemlərlə bağlı müvafiq tədbirlər görülür.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rübabə Həsənova məlumat verib.
Onun sözlərinə görə, şəhər ərazisində yerləşən binaların sayı müəyyən edilərək faktiki siyahı tərtib olunub. Yerində aradan qaldırılması mümkün olan problemlər operativ şəkildə həll edilib.
Bildirilib ki, Naxçıvan şəhəri, Babək məhəlləsi 25 nömrəli binada cari təmir işləri aparılıb. Cari təmir çərçivəsində həlli mümkün olmayan hallarla bağlı isə əsaslı təmir işlərinin görülməsi məqsədilə mərhələli şəkildə satınalma prosesi həyata keçirilir.
Qeyd olunub ki, şəhərin Əlincə məhəlləsində yerləşən 18 və 20 nömrəli binalarda üzləmələrin zamanla tökülməsi və köhnəlməsi səbəbindən təmir işlərinin aparılması üçün satınalma prosedurlarına başlanılıb. Həmin binalar üzrə layihələndirmə işləri artıq başa çatdırılıb və ekspertiza prosesi həyata keçirilib.
Rübabə Həsənova vurğulayıb ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə işlər davamlı və planlı şəkildə aparılır.
Məlumata görə, Qoçüstü məhəlləsində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması isə növbəti il üçün nəzərdə tutulub.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








