Amsterdamın mərkəzində “Xocalıya ədalət!” aksiyası keçirilib - FOTO
Amsterdamın mərkəzində yerləşən Dam meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalıya ədalət!” aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda mülki əhaliyə qarşı törətdiyi dəhşətli soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, bəşəriyyətə müharibələrin günahsız insanlara yaşatdığı faciələri xatırlatmaq olub.
Aksiyada Niderlandda yaşayan gənc soydaşımız Cavidan Məmmədov Xocalı soyqırımı haqqında müfəssəl məlumat verib. Soydaşlarımızı Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində fəaliyyətlərini davam etdirməyə çağırıb.
İştirakçılar “Xocalıya ədalət!”, “Soyqırımına yox!”, “İnsanlıq soyqırımına qarşıdır”, “Sülh naminə” kimi şüarlar səsləndiriblər.
Tədbirdə yerli ictimaiyyət nümayəndələrinə və şəhərin qonaqlarına məlumatlandırıcı materiallar paylanıb. Həmçinin “Xocalıya ədalət!” və müharibələr zamanı günahsız insanların həlak olmamasına dair çağırışları əks etdirən plakatlar sərgilənib, Xocalı soyqırımına həsr olunan həzin musiqi parçaları səsləndirilib.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland koordinatorluğu və Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.











