Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilib
Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.
Nazirlər Kabinetindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.
İclasda Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.
Şahin Mustafayev qeyd edib ki, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.
Bundan başqa, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub. Bildirilib ki, bu xəttin istifadəyə verilməsi Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.
Həmçinin, iki ölkənin birgə həyata keçirdiyi, xüsusilə də regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsinə yönələn layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
İclasın yekununda həmsədrlər tərəfindən iclasın nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.








