Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bəyanat yayıb

Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bəyanat yayıb

23 Fevral 2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan Xocalı soyqırımını cinayətinə hüquqi qiymət verilməsi, dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Ombudsmanın Xocalı soyqırımının ildönümü ilə əlaqədar yaydığı bəyanatda qeyd olunub.

Sənəddə bildirilib ki, 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür.

"Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.

Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir.

Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biri olmaqla, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır.

Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq normaları, o cümlədən "Mülki və siyasi hüquqlar haqqında", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktların, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə", "Uşaq hüquqları haqqında", "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında", həmçinin "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən "Xocalıya ədalət" kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində yenidənqurma işləri sürətlə aparılır, sakinlər öz doğma torpaqlarına qayıdırlar.

Həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmiş, işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqları tapılaraq identifikasiya edilmiş və dəfn olunmuşdur. Bu faktlar Xocalı soyqırımının və törədilmiş ağır müharibə cinayətlərinin danılmaz və təkzibedilməz sübutlarıdır.

Xocalı soyqırımında və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak edən bir sıra şəxslər lokal xarakterli antiterror əməliyyatından sonra həyata keçirilən tədbirlər zamanı tutulmuş və artıq onlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində mühakimə olunurlar", - həmçinin bəyanatda qeyd olunub.