Mütəxəssis Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

Mütəxəssis Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

23 Fevral 2026

Ramazan ayı orqanizmin qidalanma rejiminin köklü şəkildə dəyişdiyi həssas bir dövrdür. Gün ərzində uzunmüddətli aclıq bəzi insanlarda halsızlıq, baş ağrısı, susuzluq və mədə narahatlıqlarına yol aça bilər. Bu kimi halların qarşısını almaq oruc tutanlar üçün ən vacib məsələlərdən biridir. Düzgün seçilmiş qida rasionu isə bu mərhələni həm sağlam, həm də daha rahat keçirməyə kömək edir.

Sağlam qidalanma üzrə mütəxəssis, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində vacib məqamları izah edib.

Mütəxəssis açıqlamasında bildirib ki, son illər orucun mahiyyəti tez-tez yanlış anlaşılır:

"Oruc arıqlamaq vasitəsi deyil, bəzi insanlar Ramazanı yalnız kilo vermək və uzun müddət ac qalmaq kimi qəbul edir. Halbuki bu ayın əsas məqsədi mənəvi tərbiyə, nəfsə nəzarət və insanın öz davranışlarını tənzimləməsidir. Oruc tutmaq ilk növbədə səbir, şükür və ölçülülük vərdişlərini formalaşdırmağa xidmət edir".

Məhsəti Hüseynova orucun sağlamlıq üçün yarada biləcəyi risklərdən danışıb:

Xüsusilə xroniki xəstəlikləri olan, davamlı dərman qəbul edən şəxslər, hamilə və südverən qadınlar, səfərdə olanlar, uşaqlar və yeniyetmələr oruc tutmazdan əvvəl mütləq tibbi məsləhət almalıdır.

Müsahibin sözlərinə görə, imsak zamanı gün ərzində enerjini qoruyacaq və yavaş həzm olunan qidalar seçilməlidir.

O bildirib ki, yumurta, süd məhsulları, az duzlu pendir, tam buğda çörəyi, yulaf və paxlalılar uzun müddət toxluq hissi yaradır. Bundan əlavə, az miqdarda duzsuz qoz-fındıq və badam da faydalıdır. Eyni zamanda, imsaqda kifayət qədər su içmək vacibdir. Şirin və qazlı içkilər isə maye ehtiyacını ödəmək baxımından effektiv hesab olunmur.

O, uzun müddət ac qalmış orqanizm üçün iftarın mərhələli şəkildə açılmasının vacibliyindən danışıb:

"İlk olaraq su içmək, daha sonra yüngül şorba və tez həzm olunan qidalar qəbul etmək məsləhətdir. Əsas yemək isə az yağlı, qızardılmamış və həzmi asan olmalıdır. Şirniyyat və çayın yeməkdən ən azı 40-45 dəqiqə sonra qəbul edilməsi daha doğrudur".

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri həmçinin əlavə edib:

"Ramazan ayında lifli qidaların az qəbulu həzm problemlərinə gətirib çıxara bilər. Bu səbəbdən imsaq və iftar süfrəsində mütləq mövsümi tərəvəzlər olmalıdır. Tərəvəzlər həm vitamin-mineral balansını qoruyur, həm də bağırsaq fəaliyyətini tənzimləyir".

Məhsəti Hüseynova bu zamanlarda fiziki aktivliyin əhəmiyyətini vurğulayıb:

"İnsanlar oruc zamanı fiziki aktivliyi tam dayandıraraq günün böyük hissəsini yatmaqla keçirirlər. Bu vərdiş bədənin fəaliyyətini zəiflədir, daxili orqanların işinə mənfi təsir göstərir və ümumi halsızlığı artırır. Eyni zamanda, iftardan imsaqa qədər yuxusuz qalmaq da sağlamlıq üçün ciddi risk yaradır. Buna görə gecə yuxusunun normal rejimdə olması vacib sayılır".

Müsahibəni hazırladı:

Nəzrin Umay