Ekspert: Etibarnamə ilə avtomobil idarə etmək risklidir

Ekspert: Etibarnamə ilə avtomobil idarə etmək risklidir

19 Fevral 2026

Son illər avtomobillərin alqı-satqısı zamanı etibarnamə əsasında idarəetmə halları geniş yayılıb. Lakin bu üsul sürücülər üçün ciddi hüquqi və maliyyə riskləri yarada bilər.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”nə açıqlamasında yol hərəkətinin təhlükəsizliyi üzrə mütəxəssis Elşən Nəcəfov bildirib.

Mütəxəssis qeyd edib ki, etibarnamə avtomobil üzərində mülkiyyət hüququ vermir. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin rəsmi sahibi dəyişmədiyi üçün cərimələr, məhkəmə çəkişmələri və borc öhdəlikləri ilə bağlı məsuliyyət hüquqi baxımdan əvvəlki sahibin üzərində qalır. Bu isə etibarnamə ilə avtomobili idarə edən şəxs üçün əlavə çətinliklər yarada bilər.

“Elə hallar olur ki, avtomobilin üzərinə həbs qoyulur və ya etibarnamə birtərəfli qaydada ləğv edilir. Bu zaman faktiki istifadəçi hüquqi baxımdan müdafiəsiz vəziyyətdə qalır”, – deyə o vurğulayıb.

Həmçinin bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişləri və hüquqi məsuliyyət məsələləri də problem yarada bilər. Xüsusilə mübahisəli vəziyyətlərdə etibarnamə ilə idarə olunan avtomobillərlə bağlı çətinliklər daha qabarıq şəkildə ortaya çıxır.

Mütəxəssis vətəndaşlara avtomobil alarkən onu rəsmi qaydada öz adlarına keçirməyi tövsiyə edib. Qeyd olunub ki, bəzi vətəndaşlar mövcud risklərdən xəbərsiz şəkildə uzun müddət etibarnamə ilə avtomobil idarə edirlər.

Elşən Nəcəfov hesab edir ki, bu sahədə maarifləndirmə işləri gücləndirilməli, vətəndaşlara hüquqi nəticələr barədə daha geniş və sistemli məlumat verilməlidir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov