Naxçıvan şəhərində pik saatlarda tıxac problemi: Mütəxəssis çıxış yollarını açıqladı

Naxçıvan şəhərində pik saatlarda tıxac problemi: Mütəxəssis çıxış yollarını açıqladı

17 Fevral 2026

Naxçıvan şəhərində avtomobillərin sayının artması səhər və axşam saatlarında nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Xüsusilə şəhərin mərkəzi küçələrində, təhsil müəssisələrinin və dövlət qurumlarının ətrafında müşahidə olunan tıxaclar həm sürücülər, həm də piyadalar üçün əlavə vaxt itkisi və təhlükəsizlik riski yaradır.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində Yol Hərəkətinin Təhlükəsizliyi üzrə mütəxəssis Elşən Nəcəfov danışıb.

Mütəxəssis bildirib ki, sıxlıq əsasən Naxçıvan Dövlət Universiteti, ASAN xidmət istiqamətində gedən yolda, eləcə də Heydər Əliyev prospekti boyunca müşahidə olunur. Onun sözlərinə görə, mövcud yolların eni kifayət qədərdir, lakin hazırkı tənzimləmələr avtomobil nəqliyyatının daha az olduğu dövrdə qurulduğundan indiki intensivliyə tam cavab vermir.

“Elə kəsişmələr var ki, son dövrlərdə müəyyən dəyişikliklər edilib. Lakin görünür ki, bu da kifayət etmir. Nəqliyyat axınının dinamikasına uyğun yeni həllər tətbiq olunmalıdır”, – deyə o qeyd edib.

Elşən Nəcəfov problemin həlli üçün ilk növbədə ağıllı işıqfor sistemlərinin tətbiqini təklif edir. Onun fikrincə, nəqliyyat axınına uyğun avtomatik tənzimlənən müasir işıqforlar əsas kəsişmələrdə sıxlığın azalmasına ciddi təsir göstərə bilər. Eyni zamanda bəzi küçələrdə hərəkətin birtərəfli təşkili və alternativ marşrutların müəyyənləşdirilməsi də nəqliyyat yükünün balanslaşdırılmasına kömək edə bilər.

Mütəxəssis ictimai nəqliyyatın gücləndirilməsinin vacibliyini də vurğulayıb. Avtobus marşrutlarının optimallaşdırılması, intervalın azaldılması və xidmət keyfiyyətinin artırılması şəxsi avtomobillərdən istifadənin azalmasına səbəb ola bilər. Bununla yanaşı, velosiped zolaqlarının yaradılması və piyada infrastrukturunun yaxşılaşdırılması alternativ nəqliyyat vasitələrinin təşviqinə xidmət edər.

Qeyd olunub ki, bir çox ölkələrin təcrübəsində məktəblərin və dövlət qurumlarının iş saatlarının mərhələli şəkildə fərqləndirilməsi pik saatlarda yollara düşən avtomobil sayını azaltmağa imkan verir. Bundan başqa, parklanma qaydalarına ciddi riayət olunması və nəzarətin gücləndirilməsi də tıxacların qarşısının alınmasında mühüm rol oynayır.

Mütəxəssis hesab edir ki, kompleks və mərhələli yanaşma tətbiq olunarsa, Naxçıvanda nəqliyyatın daha səmərəli və təhlükəsiz təşkili mümkün olacaq.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov