Şöbə müdiri: Naxçıvanda 70-dən çox saytın fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılıb

Şöbə müdiri: Naxçıvanda 70-dən çox saytın fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılıb

13 Fevral 2026

Naxçıvan Muxtar Respublikasında kibertəhlükəsizlik sahəsində kompleks tədbirlər həyata keçirilir.

“NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Etibar Əjdərov bildirib ki, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik standartlarının tətbiqi genişləndirilib, dövlət qurumlarının mərkəzləşdirilmiş antivirus sistemlərinə qoşulması istiqamətində işlər davam etdirilir.

Onun sözlərinə görə, dövlət qurumlarında rəsmi yazışmaların təhlükəsizliyini artırmaq məqsədilə yalnız “gov.az” domenli elektron poçt ünvanlarından istifadə olunması istiqamətində tədbirlər görülür və rəsmi qurumların bu ünvanlarla təmin edilməsi prosesi davam etdirilir.

Etibar Əjdərov qeyd edib ki, Nazirlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli qərarına uyğun olaraq informasiya təhlükəsizliyi tələblərinə cavab verməyən və SSL sertifikatı olmayan 70-dən artıq veb-saytın fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılıb. Bu addım istifadəçilərin təhlükəsizliyini artırmaq və məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır.

Şöbə müdiri əlavə edib ki, dövlət qurumlarının rəsmi internet səhifələri tələblərə uyğunlaşdırılır və audit olunur. Audit zamanı aşkar edilən təhlükəsizlik boşluqları aradan qaldırıldıqdan sonra həmin səhifələr “AzState Net” hosting zonasında yerləşdirilir. Eyni zamanda dövlət qurumlarının qorunan internet təminatının “AzState Net” şəbəkəsinə qoşulması üçün zəruri işlər həyata keçirilir.

Onun sözlərinə görə, görülən tədbirlər dövlət informasiya sistemlərinin daha etibarlı mühitdə fəaliyyət göstərməsinə imkan verir və kiber risklərin qarşısını almağa xidmət edir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov