Nazirlik əməkdaşı: Ordubadın ICESCO siyahısına daxil edilməsi mədəni irsimizin beynəlxalq səviyyədə tanınmasıdır
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan MR Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli bildirib.
O qeyd edib ki, 2026-cı ilin fevral ayında Daşkənd şəhərində keçirilən ICESCO-nun İslam Dünyası İrs Komitəsinin sessiyasında “Ordubad Tarix-Memarlıq Qoruğu”nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi mühüm hadisədir. Onun sözlərinə görə, bu qərar Ordubadın yalnız Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının mədəni irs xəritəsində mövqeyini daha da möhkəmləndirir.
"Ordubadın zəngin tarixi və mədəni irsi, burada yerləşən məscid, mədrəsə, karvansaralar və digər abidələr bu qərarın əsas səbəblərindən biridir. Şəhərdə XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri, habelə qədim məhəllələr və kəhriz sistemi həm tarixi, həm də mədəni baxımdan xüsusi əhəmiyyət daşıyır. Növbəti mərhələdə isə Mədəniyyət Nazirliyi tərəfindən nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparılacaq".
O, həmçinin vurğulayıb ki, Sərşəhər və Ordubad mədrəsəsi layihələrinin smeta sənədləri artıq yekunlaşıb. Ərbabın iş yeri ilə bağlı isə işlərin ona bitişik binada aparıldığını deyən Məmməd Hüseynli qeyd edib ki, məqsəd həm tarixi irsi qorumaq, həm də obyektin funksionallığını artırmaqdır.
Müsahibimiz bildirib ki, həyata keçirilən bütün layihələr Naxçıvanın zəngin mədəni irsinin qorunmasına, beynəlxalq səviyyədə tanıdılmasına və regionun turizm imkanlarının genişləndirilməsinə xidmət edir.
Müsahibəni hazırladı:
Mənsurə Hümbətova








