Sədərək Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12 fevral 2026 - cı il tarixdə Sədərək Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiyası keçirilmişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyanın məqsədi əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ixtisaslaşmış tibbi xidmətə əlçatanlığın artırılması olmuşdur.
Tibbi briqadanın tərkibində müxtəlif ixtisaslar üzrə həkim və ekspert heyəti iştirak etmişdir. Aksiya zamanı rayon sakinlərindən 54 nəfərə terapevtik, 78 nəfərə kardiologiya, 40 nəfərə nevropatologiya, 64 nəfərə oftalmologiya, 31 nəfərə otorinolarinqologiya, 30 nəfərə endokrinologiya, 43 nəfərə travmatologiya, 23 nəfərə cərrahi, 15 nəfərə stomatologiya, 34 nəfərə ginekologiya, 14 nəfərə fizioterapeya və 10 nəfərə hematologiya üzrə ixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılmışdır.
Aksiya çərçivəsində ümumilikdə 436 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Onlardan müxtəlif xəstəlik əlamətləri aşkarlanmış vətəndaşlar, əlavə laborator müayinələrə yönləndirilmiş, ehtiyyacı olanlara ambulator müalicə təyin edilmiş, 37 nəfərə isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilməsi tövsiyə olunmuşdur.
İmtiyazlı vətəndaş hesab edilən vətəndaşa, şəhid ailələri, qazilər, əlilliyi olanlar birincili tibbi xidmət göstərilmişdir.
Aksiya zamanı mərkəzi xəstəxanaya gəlmə imkanı olmayan vətəndaşlara yaşadıqları ünvanda xidmət göstərilmiş və ya avtomobil dəstəkli tibbi briqada müşiəti ilə Sədərək rayon Mərkəzi Xəstəxanasına təxliyyəsi təşkil edilmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bölgələrdə mütəmadi şəkildə təşkil olunan bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.











