Overçuk: Dəmir yolu bərpası Rusiyaya Naxçıvanla birbaşa əlaqə imkanı verəcək
Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyənin dəmir yollarıyla birləşdirilməsi üçün iki dəmir yolu sahəsinin bərpasının texniki və maliyyə şərtlərinin qiymətləndirilməsini aparacaqlar.
"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Ermənistan tərəfinin müraciətinə uyğun olaraq, Rusiya Ermənistanın iki dəmir yolu sahəsinin bərpası haqqında əsaslı danışıqlara başlamaq qərarına gəlib. Bu, Ermənistanın Yerasx rayonunda Azərbaycan dəmir yolları ilə, həmçinin Axuryan yaşayış məntəqəsi rayonunda Türkiyənin dəmir yolları ilə birləşməsini təmin edəcək", - o bəyan edib.
Bərpa edilməli olan sahələrin ümumi uzunluğu 1,6 km və 12,4 km təşkil edir.
Onun sözlərinə görə, dəmir yolu sahələrinin bərpası Rusiyaya Naxçıvanla (Azərbaycan), Türkiyə ilə – Aralıq dənizi limanlarına çıxışla, həmçinin İranla – Fars körfəzi və Hind okeanı limanlarına çıxışla birbaşa dəmir yolu əlaqəsi imkanı verəcək.








