Ekspert: Tələbələr artıq rəsmi müqavilə ilə təcrübə keçə biləcək

Ekspert: Tələbələr artıq rəsmi müqavilə ilə təcrübə keçə biləcək

05 Fevral 2026

Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanuna əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.

Yeni dəyişikliklərin tələbələrin praktiki təcrübə imkanlarına və əmək bazarına çıxışına gətirəcəyi üstünlüklərlə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ" təhsil eksperti Ramin Nurəliyevin mövqeyini öyrənib.

Ramin Nurəliyev bu addımın əmək bazarı üçün əhəmiyyətini vurğulayıb:

"Hər hansı bir gənc özü ixtisası üzrə, məsələn, inşaat mühəndisliyi üzrə ali təhsil müəssisəsini oxuyur və inşaat mühəndisliyi istiqamətində müəyyən inşaat sektorlarında təcrübə keçmək istəyir. Təcrübə keçdiyi zaman bizdə daha çox işə götürənlər müqaviləsiz formada "təcrübə keçsin" deyir, buna isə səbəb diplomun olmadığını göstərirlər. Artıq yeni qərar əsasən rahat bir şəkildə şirkətlər praktiki olaraq tələbələrlə müqavilə bağlayacaqlar və bu müqavilə artıq onların rəsmi olaraq elektron sistem üzərindən müşahidəsinə mümkünləşdirəcək. İşəgötürən artıq rahat bir şəkildə hansı təşkilatda hansı təcrübədə olub-olmadığını müəyyənləşdirə biləcək. Çünki bu müqavilə rəsmi qayda ilə həyata keçiriləcəyi üçün artıq bu həm tələbələr üçün müsbət, həm də təşkilatlar üçün müəyyən qədər müsbət təsir bağışlayacaq".

İşəgötürənlərin rəsmi müqavilə bağlanmasında marağına toxunan ekspert qeyd edib ki, burada dövlət tərəfindən hər hansı bir təşkilatın müqavilə bağlanılması tələb olunduğu təqdirdə təşkilat artıq belə deyək, qeyri-leqal hər hansı bir tələbəni öz təşkilatında əmək fəaliyyətinə cəlb edə bilməyəcək. Məcbur olacaq ki, onu müəyyən müqavilə qarşılığında əmək bazarına cəlb eləsin və ya əmək fəaliyyətinə cəlb eləsin. Burada təbii ki, tələbə üçün də müəyyən bir üstünlükdür. Çünki tələbə istər-istəməz əvvəllər hər hansı bir təşkilata gedib xahiş eləyirdi, hər hansı təşkilatda müəyyən qohumluq və s. kimi hallar araya girirdi ki, müəyyən qədər təcrübə keçə bilsin.

"Bəzi hallarda təşkilatlar, xüsusilə də, misal üçün, yay dövrlərində işçilərin əmək fəaliyyətindən qısa müddətli bir aylıq məzuniyyətə çıxdıqları təqdirdə, onların boş qalan yerlərinə yeni bir işçinin götürülməsindənsə, xüsusilə ali təhsil müəssisəsini bitirmiş gənclərin yay tətili ərəfəsində boş olduqlarını və onları qısa belə deyək, müqavilələr vasitəsilə az əmək haqqıyla rahat bir şəkildə əmək fəaliyyətinə cəlb edə bilərlər. Yəni, bu da əlbəttə ki, işə götürənlər üçün müəyyən bir üstünlükdür. Məsələn, əmək məzuniyyətinə çıxan bir vətəndaşın və ya bir işçinin yerinə yeni bir işçi götürsən, onun müvafiq maaşı təqdim eləsən, belə başa düşülür ki, onun yerinə o sahənin bilən, o sahədən oxuyan, o peşənin sahibi olan bir tələbəni göstərsən. Həm tələbə burada tələbə içində müsbət təsir göstərəcək, tələbə burada müqavilə məişqiyətinə müəyyən qədər bəlkə də əmək qaldacaq və həm də öz işini öyrənmiş olacaq. Şirkət üçün də böyük üstünlük olacaq. İşə götürən artıq yeni bir işçini müəyyən maaş müqaviləsində götürməyəcək. Ondan qat-qat aşağı olan bir məvaciblə tələbəni götürmüş olacaq. Əlbəttə, bu qayda hər işinə tətbiq ediləcək" – deyə, o əlavə edib.

Ramin Nurəliyev elektron diplomların tətbiqi və iş dünyası üçün üstünlüklərini də vurğulayıb:

"Bu Azərbaycanda iş dünyası üçün mühim bir təşəbbüsdür. Diplomların qanuniləşdirilməsi müəyyənləşdirildikdən sonra elektron diplomlarda kod vasitəsilə müəyyənləşəcək. Yəni, bu həm iş adamları, həm də tələbələr üçün müəyyən qədər faydalı olacaq. Çünki diplomların elektron formada təqdim olunması onların zaman problemlərinin qarşısını almış olacaq. Həmçinin, tələbələr xaricdə təhsil müəssisələrinə getdikləri zaman diplomların təqdim edilməsində ciddi problemlərlə qarşılaşırdılar. Bu qərar demək olar ki, çox böyük bir problemin qarşısını almış olacaq".

Ekspert həmçinin gənclərin dövrün tələblərinə uyğun ixtisas seçməsinin vacibliyini vurğulayıb:

"Zamanın tələbinə uyğun olaraq, xüsusilə də gənclər yeni dövrün tələblərinə uyğun ixtisas seçməyə çalışmalıdırlar. Yəni yeni dövrün tələbləri nəyi gərəksə, hansı ixtisaslara və hansı peşələrə daha çox ehtiyac tələb olunursa, xüsusilə də həmin ixtisaslara üstünlük verməlidirlər. Bəzi ixtisaslar var ki, təhsil müəssisəsində həmin ixtisasa qəbul olunma imkanı məhduddur, çünki bal aşağıdır, amma regiondakı təhsil müəssisəsində həmin ixtisasa qəbul olunma imkanı var. Amma valideynlər bu məsələdə yanlış istiqamətləndirmə edir. Bakıda olan, gələcəyin əmək bazarına perspektivi az olan ixtisası seçməkdənsə, regionunda əmək bazarının tələblərinə cavab verən ixtisasları seçmək daha məntiqlidir.

Yəni, xüsusilə də bu istiqamətdə hesab edirəm ki, müəyyən təbliğatlar aparılmaq lazımdır. Dövrün tələbinə uyğun olaraq, müasir texnoloji avadanlıqlarla işləmə qabiliyyətini özündə birləşdirən və müasir dövrün tələblərinə uyğun ixtisasları seçmək daha yaxşıdır. Xüsusilə kompüter yönümlü, İT yönümlü sahələrə üstünlük verilməlidir. Yəni bəzi sahələr var ki, artıq o sahələrin demək olar ki, perspektivi yoxdur. Misal üçün, fəlsəfə, sosialologiya kimi ixtisasların perspektivi o qədər güclü deyil. Yəni, bu ixtisaslara üstünlük verməməyə çalışmalıdırlar. Amma bir sıra perspektivli ixtisaslar vardır, dövrün tələbinə uyğun olan. Birinci qrupda xüsusilə kompüter yönümlü ixtisaslar daha perspektivli hesab olunur. İkinci qrupdan maliyyə, iqtisadiyyat və loqistika ixtisasları müasir dövrün tələblərinə uyğun ixtisaslardır. Artıq işğaldan azad olunan ərazilərimizdə turizmin inkişafını nəzərə alaraq turizm ixtisasları da tələbatlı ixtisaslar sırasına daxil ola bilər. Üçüncü qrupda xüsusilə hüquq ixtisası, dövlət və ictimai münasibətlər ixtisası daha perspektivlidir. Dördüncü qrupda psixologiya, biotexnologiya ixtisasları, beşinci qrupda dizayn sahəsi maraqlıdır. Çünki artıq interyer dizayn, müasir kompüter yönümlü dizayn gələcəyin əsas tələblərindən biri olacaq. Yəni, bu sahələrə maraq göstərilməsi gələcək karyera baxımından daha faydalı olar".

Nəzrin Umay