Ceyhun Bayramov: Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək

Ceyhun Bayramov: Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək

05 Fevral 2026

Azərbaycan Orta Dəhlizi (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin ilə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropaya birləşdirən strateji, rəqabətqabiliyyətli və tamamlayıcı marşrut kimi qəbul edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan–Çin münasibətləri və hərtərəfli strateji tərəfdaşlığa dair “Global Times” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, Şərq-Qərb İqtisadi Dəhlizi isə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində yeni iqtisadi və nəqliyyat perspektivləri açıb.

“2025-ci ildə Azərbaycan investisiyaları sayəsində Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi başa çatdırıldı. Onun daşıma qabiliyyəti ildə 5 milyon tona çatdırılıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının daşıma qabiliyyətini ildə 15 milyondan 25 milyon tona qədər artırmağı planlaşdırır.

2022-ci ildən etibarən Orta Dəhliz üzrə yük daşımalarının həcmi təxminən 90 faiz artıb. Bu dəhliz boyunca malların tranzit müddəti əhəmiyyətli dərəcədə azaldılıb. Son nümunə olaraq, Çin şəhəri Siandan Bakıya 12 gündən az müddətdə gələn blok qatar, Orta Dəhlizin effektivliyini aydın şəkildə nümayiş etdirir”.

C.Bayramov vurğulayıb ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən son razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişlənməsinə töhfə verəcək:

“Yaxın gələcəkdə bu Dəhliz Orta Dəhlizin digər mühüm seqmentinə çevriləcək, sülhü möhkəmləndirəcək, çoxtərəfli tərəfdaşlığı gücləndirəcək və Azərbaycanın şimal, cənub, qərb və şərq qonşularına fayda gətirəcək.

Ümumilikdə, Azərbaycan “Bir Kəmər, Bir Yol” milli inkişaf strategiyaları ilə uyğunlaşmasını uzunmüddətli strateji tərəfdaşlıq və əhəmiyyətli iqtisadi nəticələr kimi görür. Orta Dəhliz və Zəngəzur Dəhlizini Avrasiya əlaqəliliyinin tamamlayıcı elementləri kimi təqdim etməklə Azərbaycan Asiya və Avropanı birləşdirən əsas logistika mərkəzi rolunu gücləndirməyi, regional sabitliyə, iqtisadi artıma və Çinlə qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməyi hədəfləyir”.