Gündəlik çörəkdə gizli risklər: Mütəxəssis xəbərdarlıq edir
Ötən il Naxçıvanda 10 çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Hər gün istehlak etdiyimiz çörək bəzən gözlə görünməyən, lakin ciddi sağlamlıq riski yaradan problemlər daşıya bilər.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinə nəzarət şöbəsinin baş məsləhətçisi Elvin Novruzov məsələ ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, xüsusilə vaxtı keçmiş və keyfiyyətsiz çörəklərdə kif sporları sürətlə yayılır və bu, məhsulun tam yararsız hala düşməsinə səbəb olur.
Onun sözlərinə görə, yüksək qlikemik indeksə malik çörəklər daha tez kiflənir. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi belə bütün məhsul partiyasını yararsız vəziyyətə sala bilər. Mütəxəssis qeyd edib ki, kifin rəngi təhlükənin səviyyəsindən xəbər verir.
Yaşıl kif əsasən isti mühitdə inkişaf edir və çörəkbişirmə sobalarında rast gəlinir. Qara kif rütubətli şəraitdə çoxalaraq çörək-bulka məmulatlarında yayılır. Çəhrayı kif, "kartof xəstəliyi" adlandırılan problem olaraq, dənli bitkilərin yetişdirilməsi mərhələsində formalaşır. Ağ kif insan sağlamlığı üçün xüsusi təhlükə daşıyır və taxta materiallardan hazırlanmış çörək dolablarında aktiv şəkildə artır. Boz kif isə ən zəhərli növ hesab olunur və görünməsə belə məhsulun bütün tərkibinə yayılır.
Agentlik əməkdaşı istehlakçılara çörək istifadəsi zamanı diqqət etməli olduqları məqamlara da toxunub: İstehlakçılar çörəyin rənginə, qoxusuna, dadına və saxlanma müddətinə diqqət yetirməlidirlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 14 may 2024-cü il tarixli qərarına əsasən çörək tam bişmiş, özünəməxsus qoxu və dada malik olmalı, daxili yapışqan və kənar maddələrdən təmiz olmalıdır. Milli çörək növlərinin sobadan çıxarıldıqdan sonra satış müddəti isə maksimum 12 saatdır.
Müsahibədə çörək istehsalında istifadə olunan suyun keyfiyyəti məsələsinə də toxunulub. Elvin Novruzov qeyd edib ki, emal prosesində istifadə edilən su içməli su standartlarına uyğun olmalı və laborator sınaqlardan keçirilməlidir. Dövlət nəzarəti tədbirləri zamanı bu məsələ xüsusi diqqətdə saxlanılır.
Baş məsləhətçi, agentliyin apardığı yoxlamalar zamanı ən çox rast gəlinən pozuntulara da aydınlıq gətirib. Bu pozuntulara qida ilə təmasda olan səthlərin təmirli olmaması, alət və avadanlıqların təmiz saxlanılmaması və dezinfeksiya edilməməsi, yuyucu və dezinfeksiyaedici vasitələr üçün ayrıca dolabların təşkil edilməməsi, pəncərələrin həşəratlara qarşı qoruyucu torlarla təmin olunmaması, xammal və inqrediyentlərin müvafiq şəraitdə saxlanılmaması, eləcə də işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilməməsi daxildir.
Bildirilib ki, son bir il ərzində 10 çörək emalı müəssisəsinin fəaliyyəti aşkar olunmuş nöqsanlara görə müvəqqəti dayandırılıb. Nöqsanlar aradan qaldırıldıqdan sonra həmin müəssisələrin fəaliyyətinə yenidən icazə verilib.
Sonda Elvin Novruzov qeyd edib ki, bazarda yaşlılar və həssas orqanizmə malik şəxslər üçün nəzərdə tutulmuş kəpəkli, çovdar, tam buğda, yulaflı və qarışıq taxıllı çörək növləri mövcuddur. İstehsalda ümumi standartlar tətbiq olunsa da, çörək məhsullarının kimyəvi göstəriciləri normativ sənədlərlə ayrıca tənzimlənir.
Müsahibəni hazırladı:
Nəzrin Umay








