Ötən il Naxçıvanda 105 qida obyektinə inzibati cəza tətbiq edilib
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin baş məsləhətçisi Elvin Novruzov
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, 2025-ci il ərzində muxtar respublika ərazisində Agentlik tərəfindən 127 yoxlama həyata keçirilib və əksər qida obyektində pozuntular aşkarlanıb.
Onun sözlərinə görə, aparılan yoxlamaların 59-u ictimai iaşə müəssisələrində, 24-ü topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 39-u isə emal müəssisələrində aparılıb. Ən çox pozuntular emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alınıb, bu səbəbdən qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.
Agentlik əməkdaşı qeyd edib ki, planlı və plandankənar yoxlamalar zamanı 105 qida obyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbehvermə qərarı qəbul edilib.
O, həmçinin əlavə edib ki, 2025-ci ildə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan nöqsanların olduğu 8 qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektlər fəaliyyətlərinə yenidən başlayıblar.
Restoran və kafelərdə aparılan yoxlamalar üzrə müsahibədə vurğulanıb ki, 59 ictimai iaşə müəssisəsində yol verilən pozuntular əsasən sanitar-gigiyenik norma və qaydalara əməl olunmamasından irəli gəlib.
"Qida obyektlərində Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri davam etdirilir və mütəmadi monitorinqlər aparılaraq pozuntuların aradan qaldırılması təmin olunur",– deyə Elvin Novruzov qeyd edib.
Müsahibəni hazırladı:
Nəzrin Umay








