Həkim: Yuxu pozuntusu artıq epidemiya səviyyəsinə çatıb

Həkim: Yuxu pozuntusu artıq epidemiya səviyyəsinə çatıb

24 Mart 2026

Yuxu pozuntularının səbəbləri və təsirləri barədə Naxçıvan Muxtar Respublikası psixi xəstəliklər dispanserinin həkim rezidenti  Mustafa Həsənov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib.

Həkim bildirib ki, yuxu problemləri artıq fərdi hal deyil, cəmiyyət səviyyəsində müşahidə olunan ciddi bir problemdir:

"Yuxu pozuntusu artıq epidemiya səviyyəsinə çatmışdır. Bunun səbəbləri isə bir neçə qrupa bölünür və psixoloji amillər bu sahədə əsas rol oynayır:

Stress və anksiyete ən geniş yayılmış səbəblərdəndir. Xroniki stress kortizol səviyyəsini artıraraq yuxu-oyanma dövrəsini pozur. Depressiya erkən oyanma və ya yuxuya getməkdə çətinlik yaradır. Posttravmatik stress pozuntusu olan şəxslərdə isə qorxulu yuxular, qarabasmalar və tez-tez oyanma halları müşahidə olunur".

Mustafa Həsənov fizioloji səbəblərin də yuxu rejiminə təsirini vurğulayıb:

"Obstruktiv yuxu apne sindromu, yəni yuxu zamanı tənəffüs yollarının tıxanması  geniş yayılıb. Bundan əlavə, hərəkətli ayaqlar sindromu, xroniki ağrılar, artrit, fibromiyalji, hormonal dəyişikliklər, xüsusilə menopauza və tiroid pozuntuları yuxuya mənfi təsir göstərir. Parkinson və Alzheimer kimi neyroloji xəstəliklər də bu siyahıya daxildir".

Mütəxəssis  yuxunun keyfiyyətinə təsir edən amilləri də sadalayıb:

"Smartfon və kompüter ekranlarından yayılan mavi işıq melatonin istehsalını azaldır. Gec saatlarda qəbul edilən kofein isə yuxuya getməni çətinləşdirir. Nizamsız yuxu rejimi, sürüşkən iş qrafiki və tez-tez saat qurşağı dəyişiklikləri də yuxu keyfiyyətini aşağı salır. Bəzi dərman preparatları da yuxu pozuntusuna səbəb ola bilər".

Yuxusuzluğun sağlamlığa təsirləri barədə danışan həkim qeyd edib ki, bu problem ciddi nəticələrə gətirib çıxarır:

"Kardiovaskulyar sistem baxımından hipertoniya və ürək xəstəlikləri riski artır. Metabolik baxımdan insulin rezistentliyi, 2-ci tip diabet və piylənmə riski yaranır. İmmunitet sistemi zəifləyir, hormonal balans pozulur. Ən narahatedici məqam isə odur ki, yuxu zamanı beyində toplanan zərərli maddələrin təmizlənməsi prosesi dayanır".

Psixoloji təsirlərə də toxunan müsahib bildirib ki, yuxu çatışmazlığı insanın gündəlik funksionallığını birbaşa zəiflədir:

"Diqqət, yaddaş və qərarvermə qabiliyyəti azalır. İnsan daha əsəbi olur və emosional reaksiyalar kəskinləşir. Depressiya və anksiyete riski artır. Uzun müddət yuxusuz qalan insanlarda hətta psixoz əlamətlərinə bənzər hallar müşahidə edilə bilər".

O, yuxu mühitinin düzgün qurulmasının vacibliyini də qeyd edib:

"Yataq otağı qaranlıq olmalıdır. Hətta zəif işıq belə melatonin istehsalını azaldır. Otaq temperaturu 18-20°C civarında saxlanılmalıdır. Yüksək səs səviyyəsi isə yuxunun keyfiyyətini aşağı salır".

Həkim Mustafa Həsənov bildirib ki, yuxu rejimi yaşa görə dəyişir:

"14-17 yaş arası yeniyetmələrə 8-10 saat, 18-25 yaş arası gənclərə 7-9 saat, 26-64 yaş arası böyüklərə 7–9 saat, 65 yaşdan yuxarı şəxslərə isə 7-8 saat yuxu tövsiyə olunur. Lakin burada əsas məsələ təkcə müddət deyil, sabitlikdir. Həftə içi və həftə sonu yuxu saatları arasında fərq 1 saatdan çox olmamalıdır. Bu hal "sosial jet lag" adlanır və orqanizmə mənfi təsir göstərir. Sirkadian ritmin pozulması isə metabolik sindrom, depressiya və ürək-damar xəstəlikləri ilə birbaşa əlaqəlidir".

Həkim gündəlik həyat üçün bəzi tövsiyələr də verib:

"Səhər günəş işığı almaq, kofeini günün erkən saatlarında qəbul etmək, gündüz yuxusunu qısa saxlamaq və yatmazdan əvvəl sakitləşdirici rutin yaratmaq faydalıdır. Ekranlardan uzaq durmaq isə xüsusilə vacibdir".

O, sonda bəzi hallarda həkimə müraciətin vacibliyini vurğulayıb:

"Səsli xorultu, yuxuda nəfəsin dayanması, gündüz həddindən artıq yuxululuq ciddi siqnallardır. Yuxu problemləri uzun müddət davam edirsə və gündəlik həyata təsir edirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır".

"Yuxunu lüks kimi deyil, zərurət kimi qəbul etmək lazımdır. Əgər problem davam edirsə, özünü müalicə ilə vaxt itirmək doğru deyil", – deyə o, əlavə edib.

Müsahibəni hazırladı:

Nəzrin Umay