Naxçıvanda “Bahar festivalı” keçirilib -

Naxçıvanda “Bahar festivalı” keçirilib - FOTO

24 Mart 2026

Naxçıvanda martın 20-də Novruz bayramı münasibətilə təşkil olunan “Bahar festivalı” bu gün başa çatır.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bir neçə gün davam edən tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müxtəlif folklor nümunələri – Keçəl və Kosa məzhəkəsi, “Qodu-qodu”, “Xanbəzəmə” mərasimləri, eləcə də “Çəmənli” yallısı nümayiş olunub. Müxtəlif rayonların folklor kollektivləri və musiqi qrupları çıxış edərək bayram əhval-ruhiyyəsini daha da yüksəldiblər. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı, milli musiqi alətlərində ifalar və rəqs kompozisiyaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir günlərində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan sərgi və stendlərə baxış keçirilib. Burada peşə təhsili, STEAM layihələri, eləcə də müxtəlif əl işləri nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bədii gimnastika, kikboksinq və digər idman növləri üzrə nümayişlər, eləcə də pəhləvan şousu təqdim olunub.

Bayram şənliyi çərçivəsində ictimai iaşə xidməti də təşkil edilib.

Qeyd edək ki, tədbirin son günü – bu gün saat 19:00-da “Dərviş Band”ın konsert proqramı təqdim olunacaq və bununla da Novruz şənliyi yüksək əhval-ruhiyyə ilə başa çatacaq.