Kiyevdə Novruz bayramı geniş festival ilə qeyd olunub -

Kiyevdə Novruz bayramı geniş festival ilə qeyd olunub - FOTO

24 Mart 2026

Yer üzünün yenidən oyanaraq bütün canlılara həyat verdiyi günlərdə qədim ənənələrə uyğun olaraq Novruz Bayramı – Günəş təqvimi ilə Yeni ilin gəlişi qeyd olunur. Bu bayram təbiətin dirçəlişini, barış və təmizlənməni, müdrikliyi və əkinçilik mövsümünün başlanğıcını simvolizə edir. Kiyev şəhərində Novruz münasibətilə Dnepr rayonunun Mədəniyyət və İncəsənət Mərkəzində “Novruz” adlı milli mədəniyyətlərin festival-müsabiqəsi keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir ümumşəhər statusu alaraq Kiyev Şəhər Dövlət Administrasiyasının Mədəniyyət Departamenti, Dnepr rayon dövlət administrasiyası, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən dəstəklənib. Festivalın təşkilatçıları Azərbaycan Mədəniyyət Mərkəzi, Qurban Abbasov və Nataliya Kudryaşova olub.

Tədbir çərçivəsində xeyriyyə aksiyası da təşkil olunub. Belə ki, təcili yardım xəstəxanasında müalicə alan hərbçilərin müalicə və reabilitasiyası üçün 9 950 qrivna vəsait toplanıb, təşkilatçılar tərəfindən əlavə edilən 2 137 qrivna ilə birlikdə ümumilikdə 12 087 qrivna dərman vasitələrinin alınmasına yönəldilib.

Festivalda Ukraynanın müxtəlif bölgələrindən 17 millətin nümayəndələri iştirak ediblər. Azərbaycanlılar, afrikalılar, qazaxlar, polyaklar, almanlar, gürcülər, ərəblər, hindlilər, qırğızlar, taciklər, özbəklər və digər xalqlar milli musiqi, rəqs, tətbiqi və təsviri sənət nümunələrini təqdim ediblər. Eyni zamanda, ölkənin qabaqcıl teatr, vokal, xoreoqrafiya və instrumental kollektivləri də çıxış ediblər.

Qeyd olunub ki, Novruz dini bayram deyil, beynəlxalq və ümummilli xarakter daşıyır. 30 sentyabr 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü kimi tanınıb.

Bu bayram Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Gürcüstan və digər ölkələrdə geniş qeyd olunur.

Novruzun bir çox ənənələri Ukrayna xalq bayramları ilə də oxşarlıq təşkil edir. Məsələn, tonqal üzərindən tullanmaq İvan Kupala gecəsi, yumurta boyamaq Pasxa, fal baxmaq Müqəddəs Andrey günü, uşaqların mahnı oxuyaraq evləri gəzməsi isə Milad ənənələri ilə səsləşir.

Mütəxəssislərə görə, bu oxşarlıqların səbəbi hər iki mədəniyyətin qədim Zərdüştilik ənənələrinə dayanması ilə bağlıdır.