Ümit Görgülü: Səməd Canbaxşıyev “İki dövlət, bir millət” ideyasını sənəti ilə yaşadan bir ziyalıdır

Ümit Görgülü: Səməd Canbaxşıyev “İki dövlət, bir millət” ideyasını sənəti ilə yaşadan bir ziyalıdır

19 Mart 2026

Bu gün Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, əməkdar artist, jurnalist, ictimai fəal olan  Səməd Canbaxşiyevin doğum günüdür. Bu münasibətlə onun Türkiyədəki sənət dostu Mehmet Ümit Görgülü "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Səməd müəllimlə bağlı yazı göndərib. Bəs naxçıvanlı sənətkar Türkiyə insanının qələmində  necə görünür? Yazını məmnuniyyətlə təqdim edirik.

Bu gün Səməd Canbaxşiyevin doğum günüdür.

Canbaxşiyev Türkiyə–Naxçıvan–Azərbaycan arasında qurduğu güclü sənət körpüsü ilə tanınan nadir simalardan biridir. Səhnənin tozunu udmuş, tamaşaçının qəlbinə incə bir tel kimi toxunan, kökləri min illik məddah aktyor oyununun ənənəsinə dayanan ifadə gücünü müasir teatr düşüncəsi ilə birləşdirən əsl sənət ustasıdır. O, yalnız bir teatr aktyoru və ya rejissor deyil; eyni zamanda bir hekayəçi, bir obraz ustası və Azərbaycanın zəngin mədəni irsinin canlı daşıyıcılarından biridir.

Adı Naxçıvan Dövlət Teatrı ilə eyniləşən Səməd Canbaxşiyev illərini həsr etdiyi bu səhnədə təkcə tamaşalar hazırlamaqla kifayətlənməmiş, həm də gənc aktyorların yetişməsində mühüm rol oynamışdır. Onun üçün teatr sadəcə bir peşə deyil, həyat tərzi, yaradıcılıq məbədidir.

Sənət yolunda türk teatrına olan dərin marağı onu iki qardaş ölkə arasında önəmli bir mədəniyyət elçisinə çevirmişdir. Türk müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə qazandıraraq böyük xidmət göstərmiş; mənim yazdığım “Cibimizdəki dəlilik” və “Kəloğlan” kimi əsərləri həm Azərbaycan türkcəsinə uyğunlaşdırıb, həm də rejissorluğunu edərək Naxçıvan səhnəsində uğurla təqdim etmişdir. Bu tamaşaları yalnız yerli səhnə ilə məhdudlaşdırmayaraq beynəlxalq festivallarda nümayiş etdirməsi onun sənətinin sərhəd tanımadığını göstərir.

Məddahlıq aktyor oyunu isə onun sənət kimliyinin ən güclü tərəflərindən biridir. O, bu qədim sənət növünü sadəcə qoruyub saxlamamış, ona müasir nəfəs verərək yenidən canlandırmışdır. Səhnədəki improvizasiya qabiliyyəti, səs və bədən plastikası  ustalığı, obrazlar arasında keçid bacarığı onu fərqləndirir. Tamaşaçı ilə qurduğu canlı ünsiyyət isə hər çıxışını unudulmaz edir.

Səməd Canbaxşiyev yalnız bir sənətkar deyil, həm də mədəniyyətlər arasında körpü salan, “İki dövlət, bir millət” ideyasını sənəti ilə yaşadan bir ziyalıdır. Onun Naxçıvanın və ümumilikdə Azərbaycanın mədəni həyatına verdiyi töhfələr onu Türk dünyasının parlaq sənət simalarından birinə çevirir.

Əziz dostum, sənət yoldaşım Səməd  Canbaxşiyevə sağlam, xoşbəxt və sənətlə dolu uzun ömür arzulayıram. Səhnənin işığı daim yolunu aydınlatsın.

Mehmet Ümit Görgülü,

Daramaturq, aktyor, rejissor, psixoloq Türkiyə, Quşadası