Ceyhun Cəlilov Şərurda torpaq mülkiyyətçiləri ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Şərur rayonunun torpaq mülkiyyətçiləri ilə görüşüblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov bildirib ki, muxtar respublikanın ən böyük aqrar rayonu hesab edilən Şərurda kənd təsərrüfatı sahəsində hər il uğurlu göstəricilər qeydə alınır. Qeyd olunub ki, kənd əməkçiləri dövlət qayğısı və illər ərzində qazandıqları təcrübə nəticəsində məhsul istehsalında davamlı artıma nail olurlar.
Ceyhun Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, sənəd su ehtiyatlarından daha səmərəli istifadəni, su təsərrüfatı infrastrukturunun yenilənməsini, içməli və suvarma suyu ilə təminatın mərhələli şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.
Vurğulanıb ki, Tədbirlər Planına uyğun olaraq muxtar respublikanın müxtəlif rayon və şəhərlərində, o cümlədən Şərur rayonunda nasos stansiyalarının və hidrotexniki qurğuların yenidən qurulması, suvarma kanallarının əsaslı təmiri və yenilənməsi həyata keçiriləcək. Bu tədbirlər kənd təsərrüfatının prioritet sahə kimi inkişafına, yerli istehsalın artmasına və əhalinin məşğulluğunun genişlənməsinə mühüm töhfə verəcək.
Görüşdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, rayon üzrə ümumilikdə 81 min 518 hektar torpaq sahəsi mövcuddur. Bunun 38 min 33 hektarı dövlət, 30 min 13 hektarı bələdiyyə, 13 min 472 hektarı isə xüsusi mülkiyyətə aiddir. Ümumi torpaq fondunun 15 min 725 hektarı əkinəyararlı torpaqlardır.
Qeyd edilib ki, 2025-ci ilin məhsulu üçün rayonda qəti əkin sahəsi 11 min 143,3 hektar təşkil edib. Bunun 2366 hektarı payızlıq taxıl, 3172,3 hektarı yazlıq əkinlər, 5605 hektarı isə əvvəlki illərdən qalan yem bitkiləridir. Yazlıq əkinlərin 739,85 hektarı qarğıdalı, 589,33 hektarı kartof, 175,39 hektarı soğan, 71,71 hektarı bostan, 649,62 hektarı təzə yonca, 946,4 hektarı isə digər əkinlərdən ibarət olub. Bu göstəricilər rayonun çoxşaxəli bitkiçilik ənənələrinə malik olduğunu göstərir.
Bildirilib ki, 2025-ci ildə 589,33 hektar kartof əkin sahəsindən 17 825,8 ton məhsul əldə olunub. Bu isə hər hektar üzrə 302,5 sentner orta məhsuldarlıq deməkdir.
2026-cı il üçün rayon üzrə pay torpaqlarında 2152 hektar yazlıq əkin proqnozlaşdırılıb. Bunun 430 hektarında kartof əkini nəzərdə tutulur. Eyni zamanda, həyətyanı sahələrdə də 200 hektaradək kartof əkilməsi gözlənilir. Beləliklə, cari ildə rayon üzrə kartof əkin sahəsinin ümumilikdə 630 hektarı ötəcəyi proqnozlaşdırılır. Hazırda kartof əkini 258 hektardan çox sahədə aparılıb və proses davam etdirilir.
Qeyd olunub ki, Cəlilkənddə əkin aparılan sahə sahibkar Yaqub Tağıyevə məxsusdur. O, rayonun qabaqcıl təsərrüfatçı sahibkarlarından biridir. Sahibkarın mülkiyyətində 3000 ton tutumlu soyuducu anbar, 300 tonluq saxlanc, 2 ədəd “New Holland” markalı traktor və 12 aqreqat mövcuddur. Aqreqatlardan biri olan soğan çeşidləyicisi muxtar respublikada tətbiq edilən ilk belə texnika hesab olunur.
Əkin sahələrində istifadə olunan kartof toxumlarının yüksək reproduksiyalı olduğu və rayonda əvvəllər sınaqdan uğurla keçdiyi bildirilib. Qeyd olunub ki, toxumlar Türkiyə Respublikasından gətirilir və bu, hər hektardan 600–700 sentnerədək məhsul əldə olunmasına imkan yaradır.
Torpaq mülkiyyətçisi Yaqub Tağıyev ötən il 55 hektar sahədə kartof, 8 hektarda isə buğda əkdiyini və yüksək məhsuldarlıq əldə etdiyini bildirib. Onun sözlərinə görə, kartof üzrə hər hektardan 600 sentner, buğda üzrə isə 75 sentner məhsul götürülüb. Cari ildə kartof əkin sahəsini 72 hektara çatdırmağı planlaşdıran sahibkar ümumilikdə 100-dən çox vətəndaşı işlə təmin edir.
Digər torpaq mülkiyyətçiləri Hüseyn Cəfərov və Mübariz Şirəliyev də çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına görə minnətdarlıqlarını bildiriblər. Onlar bu sənədin gələcəkdə Şərur rayonunun aqrar inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər.
Mübariz Şirəliyev dövlətin aqrar sahəyə göstərdiyi dəstəyi daim hiss etdiklərini bildirib. O qeyd edib ki, lizinq mexanizmləri vasitəsilə müxtəlif kənd təsərrüfatı texnikaları əldə ediblər və gələcəkdə də bu imkanlardan yararlanmaq niyyətindədirlər. Sahibkar əlavə edib ki, fəaliyyətini genişləndirərək taxıl və yonca toxumlarının yetişdirilməsi istiqamətində sertifikat əldə edib. Hazırda onun təsərrüfatında 25 ailə daimi işlə təmin olunub.
Sonda səlahiyyətli nümayəndə Ceyhun Cəlilov torpaq mülkiyyətçilərinə yaz əkin mövsümündə uğurlar arzulayıb. Bildirilib ki, görülən hazırlıq işləri bu il də bol və keyfiyyətli məhsulun əldə olunacağına əsas verir.













