"Uşlan"dan "Ərgənəkon"a: Novruzun tarixi kökləri
Türk xalqlarının minillik tarixinə nəzər saldıqda görürük ki, baharın gəlişi sadəcə bir təbiət hadisəsi deyil; həm dilin qatlarında, həm də xalqın yaddaşında dərin izlər qoyan bir varoluş rəmzidir. Bu gün Novruz kimi tanıdığımız bu böyük oyanış qədim dövrlərdən bəri həm linqvistik bir kod, həm də milli bir qurtuluş simvolu olaraq formalaşıb. Yazın gəlişini "Uşlan" kəlməsi ilə dilimizə köçürən türklər, eyni zamanda bu tarixi "Ərgənəkon" dastanı vasitəsilə azadlıq fəlsəfəsini ifadə ediblər. Türk mədəni kontekstində bu izah modelləri daha çox hərəkət, keçid və yenilənmə ideyası üzərində qurulub. Bu təsadüfi deyil, çünki qədim türklər üçün köçəri və yarımköçəri həyat tərzi üçün sabitlik deyil, dəyişiklik əsas idi. Ona görə də qədim türklər Novruzu yalnız "yazın gəlişi" kimi yox, həm də bir dövrün bağlanması və yenisinin başlanması kimi qəbul edirdilər. Məhz bu nöqtədə "Uşlan" anlayışı ortaya çıxmış və bayramın mahiyyətini ifadə etmişdir. Eyni şəkildə, Ərgənəkon mifoloji süjeti də bu yenilənmə və çıxış ideyasının simvolik formaya salınmış variantı kimi meydana çıxmışdır.
"Uşlan" bayramı və linqvistik köklər
Novruz bayramı türk xalqının həyat tərzi, təbiət dövrləri və təsərrüfat sistemi ilə sıx bağlıdır. Qədim türk toplumları üçün yazın başlanğıcı–gecə ilə gündüzün bərabərləşdiyi dövr real dönüş nöqtəsi sayılırdı. Bu tarixdən etibarən heyvandarlıq canlanır, yeni iqtisadi dövr başlayırdı. Qədim türklər mart ayında gecə ilə gündüzün bərabərləşməsini yeni ilin başlanğıcı hesab edir və bu günü bayram kimi qeyd edirdilər.
Novruz bayramına qədim türklər "Uşlan" (və ya Oşlan) deyirdilər. Bu adın istifadə olunması bayramın orijinal xarakterini göstərir. Sözügedən anlayış bayramın adından daha çox mənasını ifadə edirdi: keçidin tamamlanması, yenilənmə və hərəkətə keçid. "Uşlan" bayramı qədim türkcədə "Aram" ayında (həsrətin bitdiyi ay) qeyd olunurdu. Linqvistik baxımdan "Uşlan" sözü "uşan" və ya "uçucu" (hərəkətli) kökündən gəlirdi. Türklərin dil oyunlarına olan marağı bir çox sözlərdə olduğu kimi, burada da özünü göstərir. Məsələn, "uşan" sözünə "l" samiti əlavə edilərək "uşlan", "arsan" sözünə "l" əlavə edilərək "arslan", "kaban" sözünə "l" əlavə edilərək "kaplan" kəlmələri meydana gətirilmişdir. Uşlan günü, yəni martın doqquzunda qədim türk xalqları yaxınlarını bir araya toplayar, hədiyyələr verər və ehsan edərdilər. Hətta vəzirlər də öz qohumlarını və dostlarını evlərinə dəvət edib onlara ikramlar təklif edərdilər. Qədim türklərdə günlərin, həftələrin və ayların müxtəlif adları mövcud idi. Astronomiya alimləri arasında "Sal-i Türkan" (Türk ili) ifadəsi bu gün də məşhurdur. Tarixi islahat dövrləri bəzi adları dəyişdirmiş olsa da, bu dəyişikliklərin əsas məqsədi iqtisadi və sosial həyatla bağlı idi. Məsələn, avqust ayı Oğuz xanın xatirəsinə dəyişdirilmiş, mart ayı isə heyvandarlıqla bağlı olaraq "Oğlaq ayı" adlandırılmışdır.
Dilçilik faktlarına nəzər salsaq görərik ki, qədim türk təqvimində "Barıt" (varacaq, gələcək mənasında) ayı mövcud idi. Turan dillərində "b", "m" və "v" səsləri arasındakı fonetik yaxınlıq nəzərə alındıqda, "Barıt" sözünün zamanla "Mart" formasına keçməsi iddiası irəli sürülür. Bəzi mənbələr "Mart" adını Roma mənşəli hesab etsə də, "Amasya Tarixi" kimi qaynaqlarda bu adın türklər tərəfindən istifadə edildiyi və sonradan digər xalqlara keçdiyi qeyd olunur. Bu iddianın elmi sübutu mübahisəli olsa da, bir fakt dəyişməz qalır: türklərdə ilin başlanğıcı və Novruz birbaşa mart dövrü ilə bağlıdır. Yəni adın etimologiyasından asılı olmayaraq, bayramın məzmunu və zamanlaması birbaşa türk həyat tərzindən doğur.
Türk mədəni mühitində "Ərgənəkon" simvolikası
Qədim türklər arasında Novruz bayramı yalnız yeni ilin başlanğıcı deyil, həm də azadlıq və yenidən doğulma günü kimi qeyd olunurdu. Bu kontekstdə ən məşhur dastanlardan biri "Ərgənəkon"dur. "Ərgənəkon" ("Argu" və "Kon") qədim türk dilində "dağ silsiləsi" deməkdir; "Kon" sözü isə "qoyun" mənasını daşıyır. Hun (Hiung Nu) türkləri bu adla məşhur idi. Mahmud Kaşğari öz "Divanü lüğat-it-türk" əsərində qeyd edir ki, Ərgənəkon türkləri İranda hökmranlıq etmiş Ağqoyunlu və Qaraqoyunlu tayfalarının əcdadlarıdır.
Dastana görə, monqol hökmdarı İlhan ilə tatar xanı Sevinc arasında baş verən müharibədə Sevinc qırğızlarla ittifaq qurur və İlhan məğlub olur. Bu döyüşdə türklərin çoxu məhv edilir; yalnız İlhanın kiçik oğlu Qıyan, kürəkəni Doqquz və iki qız sağ qalır. Onlar keçilməz dağları aşaraq uzun bir səfərə çıxır, çiçəkli bir vadidə sığınacaq tapırlar. Bir keçi onları vadinin içərisinə aparır və türklər burada təsərrüfat quraraq nəsillərini artırırlar.
Dörd yüz il Ərgənəkonda yaşadıqdan sonra nəsillər bura sığmır və çıxış yolu axtarılır. Nəhayət, bir çobanın qurdu izləməsi və bir dəmirçinin köməyi ilə dağ əridilərək çıxış açılır. Türklər məhz martın 9-da (köhnə təqvimlə) Ərgənəkondan azad olurlar. Bu qəhrəmanlıq və qurtuluş günü türklər tərəfindən milli bayram kimi qeyd olunur.
Ərgənəkon dastanı yalnız türk mənbələrində deyil, qədim Çin tarixçilərinin qeydlərində də əksini tapmışdır. Onlar yazırlar ki, Novruz bayramı zamanı qədim türklər tilsimdən və əsarətdən qurtulmuşlar. Qədim türk bayraqlarındakı qızıl qurd başı məhz Ərgənəkondan çıxışı simvolizə edirdi. Həmçinin hökmdar çadırının qarşısındakı sancaqda olan "doqquz tuğ" həm bayramın tarixini, həm də dastan qəhrəmanı Doqquzu simvolizə edirdi. Bu hadisənin Novruzla əlaqələndirilməsi təsadüfi deyil; burada təbiətin yenilənməsi ilə toplumun yenidən doğulması eyni məntiq üzərində qurulur. Yaz qışdan çıxış olduğu kimi, Ərgənəkon da əsarətdən çıxışdır. Bu baxımdan, Novruz türk düşüncəsində sadəcə mövsüm dəyişikliyi deyil, kollektiv yaddaşda "qurtuluş" və "yenidən başlanğıc" simvoludur.
Linqvistik nümunələr və mifoloji süjetlər göstərir ki, qədim türk mədəniyyətində sözlər və hekayələr türklərin həyatını, fəlsəfəsini əks etdirir. Buradakı məhz hərəkət, keçid və yenilənmə ideyası da bayramın yaranmasında mərkəzi rol oynayıb. "Uşlan" kəlməsindəki dinamika ilə "Ərgənəkon" dastanındakı qurtuluş motivi də əslində eyni məntiqin müxtəlif təzahürləridir.
Novruzun əsasını təşkil edən təbiət hadisələri, xüsusilə gecə ilə gündüzün bərabərləşməsi həyat ritminin yenilənməsidir. Və bu gün də bayramın eyni ənənə ilə davam etməsi, onun məhz bu təbiətə bağlı və universal əsaslara söykənməsindən irəli gəlir.
İstifadə edilmiş ədəbiyyat:
Mehmed Said Ordubadî, "Nevruz Kimden Kalmıştır?" (Türkiye Türkçesine Aktarım Dr. Nazım Muradov), Bursa – 2026.
Nəzrin Umay








