Naxçıvanda indiyədək ümumilikdə 590 ağac inventarlaşdırılaraq nömrələnib

Naxçıvanda indiyədək ümumilikdə 590 ağac inventarlaşdırılaraq nömrələnib

18 Mart 2026

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilir.

Nazirliyin əməkdaşı Saleh Həsənovun “NAXÇIVANXƏBƏRLƏRİ”nə verdiyi məlumata görə, layihənin əsas məqsədi ağaclar barədə məlumatların ictimaiyyət üçün açıq və əlçatan formada təqdim olunmasıdır. Bu məqsədlə www.agac.az portalı sınaq rejimində istifadəyə verilib. Portal Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2025-ci il tarixli 282 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi kimi yaradılıb.

Bildirilib ki, qeydiyyat işləri şəhərin inzibati ərazisində yerləşən parklar, yolkənarı və həyətyanı sahələrdəki yaşıllıqları əhatə edir. Proses xüsusi yaradılmış qruplar tərəfindən həyata keçirilir. Hər bir ağacın üzərinə davamlı materialdan hazırlanmış nömrə lövhəsi vurulur və həmin ağac barədə məlumatlar elektron bazaya daxil edilir.

Lövhələrdə ağacın nömrəsi ilə yanaşı, fərdi profilə keçid imkanı yaradan QR-kod da yerləşdirilir. Bu kod vasitəsilə ağacın növü, yaşı, hündürlüyü və digər məlumatları əldə etmək mümkündür.

Qeyd olunub ki, nömrələnmə prosesi ağaclara zərər verməyən üsullarla aparılır və indiyədək ümumilikdə 590 ağac inventarlaşdırılaraq nömrələnib.

Həmçinin diqqətə çatdırılıb ki, Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin mərhələdə Naxçıvan şəhərində yerləşən Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində 300 ağac uçota alınaraq identifikasiya lövhələri ilə təmin edilib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov