DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur -

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

18 Mart 2026

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir.

Xidmətin mətbuat mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən əsasən, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması sahəsində görülən işlərdən, DSX-nin maddi-texniki bazasının daha da gücləndirilməsindən, şəxsi heyətin sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından geniş bəhs olunub.

Sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb. Bayram tədbirləri çərçivəsində hərbi hissələrdə konsert proqramları təşkil olunub, milli musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib. Novruzun rəmzi personajları olan Kosa və Keçəl maraqlı çıxışlarla şəxsi heyətə bayram əhval-ruhiyyəsi bəxş edib, tonqallar qalanıb, bayram süfrələri açılıb. Novruz bayramının xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini və birlik ənənələrini özündə yaşatdığı vurğulanıb, həmin dəyərlərin qorunub saxlanılmasının əhəmiyyəti qeyd edilib.