Şəhid övladları üçün ekskursiya keçirildi - FOTO
Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda ekskursiya təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə həyata keçirilən təşəbbüs çərçivəsində şəhid ailələrinin övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiya zamanı uşaqlara aviasiya sahəsi barədə ətraflı məlumat verilib. Onlar “səmanın kraliçası” kimi tanınan əfsanəvi Boeing 747 təyyarəsinin göyərtəsini və pilot kabinini ziyarət edərək uçuş prosesinin əsas mərhələləri ilə yaxından tanış olublar.
Daha sonra iştirakçılar aeroport ərazisində fəaliyyət göstərən yanğından mühafizə xidmətinin işi ilə tanış olub, yanğınsöndürmə texnikasının fəaliyyəti barədə əyani məlumat əldə ediblər. Eyni zamanda, xidməti itlərin hazırlığı və əməliyyat zamanı yerinə yetirdikləri vəzifələr nümayiş etdirilib.
Maraqlı və yaddaqalan ekskursiyanın sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, onların gələcək peşə seçimlərinə müsbət təsir göstərmək və aviasiya sahəsinə marağını artırmaqdır.












