Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda könüllü qanvermə aksiyası təşkil olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə hərbi institutun 100-ə yaxın kursantı, 30-a yaxın professor-müəllim və zabit heyəti iştirak edib.
Aksiya zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb.
Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.
Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.












