Ağdamda 215 nəfər tibbi müayinələrə cəlb olunub
Ağdamda martın 13-də növbəti tibbi aksiya keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aksiya çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, dermatoloji, fizioterapevtik və pediatrik reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçirilib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) müayinələri də aparılıb.
Müayinələr zamanı səhhətində müəyyən problemlər aşkarlanan sakinlərə həkimlər tərəfindən ətraflı tibbi məsləhətlər verilib və zəruri hallarda müvafiq müalicə tədbirləri təyin olunub.
Tibbi baxışlar əsasən orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı, dəri-zöhrəvi və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanmasına yönəlib. Bundan əlavə, 16–65 yaş arası şəxslər arasında skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası aparılıb, 14 yaşadək uşaqlar isə pediatr müayinəsindən keçirilib.
Aksiya iştirakçılarına Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr də verilib. Bildirilib ki, fizioterapiya prosedurlarının tətbiqi zamanı pasiyentin yaşı, əsas və yanaşı xəstəlikləri, eləcə də gündəlik həyat fəaliyyəti mütləq nəzərə alınmalıdır.








