Son bir ildə Yeni Klinikada yeddi böyrək transplantasiyası həyata keçirilib
Son bir ildə Yeni Klinikada (canlıdan canlıya) yeddi böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ötən müddət ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan əməliyyatlardan ikisi qadın, beşi isə kişi pasiyent üzərində icra olunub.
Transplantasiya əməliyyatları Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi, həkim-ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva, həkim-anestezioloq-reanimatoloq Mayıl Sədiyev, eləcə də həkim-koordinatorlar İntizar Məmmədova və Zöhrə Məmmədovanın iştirakı ilə həyata keçirilib. Hər bir cərrahi proses müasir tibbi standartlara uyğun şəkildə icra olunub.
Donor əməliyyatı laporoskopik (qapalı) üsulla həyata keçirilib ki, bu daha az travma, qısa bərpa müddəti və minimal fəsad riski deməkdir. Resipiyentlərin əməliyyatı isə açıq üsulla icra olunub və əməliyyatdan sonrakı dövrdə pasiyentlər daim həkim nəzarətində saxlanılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən "Yeni Klinika" Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.








