Azərbaycanın prinsipial mövqeyi və regionda təhlükəsizliyin təmin edilməsi
Son dövrlərdə regionda baş verən hadisələr fonunda Azərbaycan dövlətinin nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe bir daha sübut edir ki, ölkəmizin milli təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyi dövlət siyasətinin ən ali prioritetlərindəndir. Bu gün Azərbaycan həm daxili sabitliyi, həm də regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində ardıcıl və məsuliyyətli siyasət həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son hadisələrlə bağlı səsləndirilən cəsarətli və qətiyyətli bəyanatlar dövlətimizin milli maraqlarının qorunmasında heç bir tərəddüdə yol verilmədiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirildi, ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirildi. Bununla yanaşı, Azərbaycan–İran sərhədinin bağlanması kimi qərarlar dövlətimizin təhlükəsizlik siyasətinin məsuliyyətli və uzaqgörən yanaşma əsasında həyata keçirildiyini göstərir.
Təəssüf doğuran məqamlardan biri isə İran tərəfinin son dövrlərdə Azərbaycana münasibətdə nümayiş etdirdiyi ziddiyyətli və qeyri-konstruktiv davranışdır. Halbuki Azərbaycan dövləti tarixən bütün qonşularına qarşı qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasət yürüdüb. Ölkəmiz heç vaxt öz ərazisindən başqa dövlətlərə qarşı təhlükə mənbəyi kimi istifadə olunmasına imkan verməyib və bu prinsipə daim sadiq qalıb.
Buna baxmayaraq, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə dron zərbəsinin endirilməsi son dərəcə narahatedici və qəbuledilməz hadisə kimi qiymətləndirilməlidir. Xüsusilə mülki infrastrukturu – vətəndaşların istifadə etdiyi hava limanı və təhsil müəssisəsi kimi obyektləri hədəf almaq beynəlxalq hüququn və humanitar prinsiplərin açıq şəkildə pozulması deməkdir. Belə addımlar yalnız regionda gərginliyi artırmaqla yanaşı, dinc əhalinin təhlükəsizliyinə də ciddi təhdid yaradır.
Mülki infrastruktura qarşı dron hücumu təşkil etmək həm də siyasi və hərbi baxımdan acizlik və məsuliyyətsizliyin göstəricisi kimi qiymətləndirilməlidir. Çünki beynəlxalq praktikada mülki obyektlərin hədəf alınması terror xarakterli addım kimi dəyərləndirilir və bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənir.
Azərbaycanın mövqeyi isə hər zaman aydın və prinsipial olub. Dövlətimiz regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Azərbaycan bütün qonşularla qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin inkişafına xüsusi önəm verir. Bunun bariz nümunəsi olaraq İranın Ali Liderinin vəfatı ilə bağlı Prezident İlham Əliyev dərhal başsağlığı verərək İran səfirliyini ziyarət etmiş və Azərbaycan tərəfi humanitar yardım göstərməyə hazır olduğunu bildirmişdi. Bu addım Azərbaycanın humanizm və dostluq prinsiplərinə sadiqliyinin açıq göstəricisidir.
Məhz buna görə də İran tərəfinin son addımları təkcə siyasi baxımdan deyil, həm də mənəvi baxımdan böyük təəssüf doğurur. Azərbaycan çətin məqamlarda hər zaman qonşularına dəstək göstərən dövlət kimi tanınıb. Lakin buna baxmayaraq, ölkəmizə qarşı bu cür təxribat xarakterli addımların atılması regionda sabitliyin pozulmasına xidmət edir.
Digər tərəfdən, son hadisələr fonunda bir sıra dünya liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə göstərilən dəstəyin bariz göstəricisidir. Bu fakt həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Bu gün Azərbaycan güclü dövlət, güclü ordu və prinsipial siyasi mövqeyə malik ölkədir. Dövlətimizin əsas məqsədi regionda sülhün və sabitliyin qorunmasıdır. Lakin eyni zamanda Azərbaycan öz təhlükəsizliyinə və vətəndaşlarının həyatına qarşı yönələn hər hansı təhdidə qarşı qətiyyətli və adekvat cavab vermək hüququnu özündə saxlayır.
İranın Azərbayacana qarşı nankorluğu və Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdiyi dron hücumuna cavab olaraq, Naxçıvan əhalisi yüksək vətənpərvərlik ruhunu, məğrurluğunu və sarsılmaz iradəsini bir daha nümayiş etdirdi. Hadisədən sonra naxçıvanlılar tam sakitlik və təmkin nümayiş etdirərək dövlətə və orduya olan etimadlarını açıq şəkildə ifadə etdilər. Bu hadisə bir daha sübut etdi ki, Naxçıvan əhalisi tarixən formalaşmış mərdlik və dözümlülük ənənələrinə sadiq qalaraq hər hansı təhdid və təzyiq qarşısında qətiyyətli mövqe nümayiş etdirməyə qadirdir. Region sakinlərinin nümayiş etdirdiyi birlik və ruh yüksəkliyi ölkəmizdə milli həmrəyliyin və dövlətçilik dəyərlərinə sadiqliyin bariz nümunəsi kimi qiymətləndirilir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








