Müstəqil Azərbaycanımızın çiçəklənməsində qadınlarımızın rolu böyükdür
Həmişə qadınlardan – qadın azadlığından, qadın hüquqlarından, qadın haqlarından söhbət düşəndə nədənsə qədim bir el məsəli yada düşür: “Aslanın erkəyi, dişisi olmaz”. Xüsusən qadınlara aid edilən bu deyim, haradasa, özündə qədim bir tarixi, Şərq qadınının uzaq keçmişini əks etdirir. İstər-istəməz insanın gözü qarşısında “Kitabi-Dədə Qorqud” dastanından bəzi epizodlar yaddaşımda canlanır... Burlaxatun və ömür-gün yoldaşı Qazan xan yada düşür. Burlaxatun Qazan xanla çiyin-çiyinə döyüş meydanında at oynadır, qılınc çalır, oğlunun “qara ətindən bişirilmiş qara qovurma”nı yeməyə hər an hazır olur, ancaq Qazanın namusunun ləkələnməsinə razı olmur; yorulub yorğun düşən, ağır yatan Qanturalını oyatmağa qıymayan Selcan Xatun qılınc çəkib düşmənlərlə cəngə girir, baş kəsir, qan tökür; Banuçiçək at oynatmaqda, qılınc vurmaqda, qurşaq tutmaqda adaxlısı Bamsı Beyrəkdən heç də geri qalmır və sair. Dövrünü güzgü kimi özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanından kişi-qadın bərabərliyini, kişi-qadın hüquqlarının eyniliyini sübuta yetirən bir çox belə nümunə göstərmək mümkündür.
Başqa bir xalq dastanında – “Koröğlu”da mərd, mübariz qadınlarımızdan geniş şəkildə söz açılmışdır. Adı Koroğlu kimi bir el qəhrəmanı ilə qoşa çəkilən Nigar xanım dövrünün adət-ənənələrinə, sərt rejimə qarşı çıxaraq Koroğluya xəbər göndərir ki, onu Çənlibelə aparsın. Dastan boyu Koroğluya həm ömür-gün yoldaşı, həm də yaxın silahdaş, dost olur. Dastanda yer alan digər qadın qəhrəmanlar da ən az Nigar xanım qədər igid, qəhrəman obrazlar kimi yadda qalır.
Qədim tarixi kökünə bağlı olan Azərbaycan qadını şərəf və ləyaqəti ilə ötən yüzilliklərdə öz adını tarixə qızıl hərflərlə yazdırmışdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, şərqdə ilk diplomat qadın hesab edilən Sara Xatun siyasi çaxnaşmaların ən gərgin vaxtında, çətin bir dövrdə siyasətə atılmış və dövlətlərarası diplomatik danışıqlarda fəal iştirak etmişdir. Əldə etdiyi uğurlar və nailiyyətlər isə dövrünə görə çox dəyərli idi. Çünki Sara Xatunun diplomatik fəaliyyəti nəticəsində yüz minlərlə insan qanının axıdılmasının, şəhər və qəsəbələrin dağıdılmasının qarşısı alınmışdır.
Tarixi şəxsiyyət, həqiqi Azərbaycan qadını olan Həcər xanım da öz adını şərəfli tariximizə qızıl hərflərlə yazanlardandır. Qaçaq Nəbi ilə bərabər aylarını, illərini at belində, döyüşlərdə keçirən, düşmənlərə qan udduran Həcər xanım igidlikdə heç də Nəbidən geri qalmır. Nəbini qazamatdan qurtarır, yenidən mübarizəyə qoşulmasına kömək edir. Qaçaqçılıq hərəkatının öncüllərindən biri olan Həcər savaşda, döyüş meydanında Nəbinin ən sədaqətli, ən yaxın silahdaşına çevrilir, ərinə dayaq olur. “Həcəri özündən ay qoçaq Nəbi...” ifadəsi haradasa, “Aslanın erkəyi, dişisi olmaz” el məsəli qədər dogma və tanış səslənir.
XX əsrdə isə Azərbaycan qadını döyüş meydanlarında yox, cəmiyyətdə, gündəlik həyatımızda, iqtisadiyyatda, siyasətdə öz sözünü deməyə çalışırdı. Əvvəllər Azərbaycan qadınlarını sıxan, əl-qolunu bağlayan adətlər, ənənələr var idisə, artıq XX əsrdə onu “görünməz edən” çadra belə yox olurdu. Sosialist Əməyi Qəhrəmanı Maya Kərimova artıq “Keçici bayraq” uğrunda Sarvan Salmanov ilə rəqabət aparırdı. Sosialist Əməyi Qəhrəmanları Şamama Həsənova, Bəsti Bağırova kimi Azərbaycan qadınları artıq tarlalarda kişilərlə çiyin-çiyinə çalışır, böyük uğurlara imza atırdılar. Hətta, ilk mexanizator qadın olan Sevil Qazıyeva kimi işi, məsləyi uğrunda “şəhid” olan qadınlarımız da az deyildi.
Tarixi keçmişimizə səyahətdən qayıdaraq bu günümüzə – şahidi olduğumuz illərə dönmək istəyirəm. Qanlı “20 Yanvar” hadisələrində, Qarabağ müharibəsində sinəsini vətən üçün sipər edən igidlərimizin yanında qadın şəhidlərimizi görəndə, “Ot kökü üstə bitər” el məsəli yada düşür. İstər-istəməz “Tomris anadan, Burlaxatundan, Nigardan, Həcərdən məhz belə qızlar doğular” – deyə düşünürsən. Ölümün gözünə dik baxan Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qadınlarımız, analarımız, bacılarımız Azərbaycan Milli Qəhrəmanı səviyyəsinə qədər yüksəlirsə, demək, Tomris irsi hələ də davam etməkdədir, yaşamaqdadır.
Bütün bunlar, yurdumuzda, vətənimizdə aparılan ümumxalq işlərində qadın-kişi fərqinin artıq aradan götürüldüyünü sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycandır!” devizi altında bu gün hamı çəkicini eyni zindana vurur: … Qadın da, kişi də… Fəhlə də, alim də… Gənc də, ahıl da…
Müstəqil Azərbaycanımızın çiçəklənməsində bu gün qadınlarımız ən az kişilər qədər əmək sərf edirlər. Hətta, bəzi sahələrdə – təhsil, tibb, mədəniyyət sahəsində artıq qadınların bir addım öndə olduğunu hiss edirik. Bu gün Milli Məclisdə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisində qadınların yetərli sayda olması, ictimai-siyasi proseslərdə qadınların aparıcı rol oynaması onu göstərir ki, müasir Azərbaycan qadını öz fəallığını hələ də qoruyub saxlayır, daha da inkişaf etdirir. Vaxtı ilə Azərbaycan qadını tarlalarda, tikinti meydançalarında güclərini sınayırdılarsa, artıq bu gün onlar elm, mədəniyyət, təhsil, idman və başqa sahələrdə güclərini ortaya qoyurlar. O zaman Azərbaycan qadınının uğuru ölkə miqyasında böyük görünürdüsə, bu gün onun uğuru dünyada diqqət çəkir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, bu baxımdan, müasir Azərbaycan qadınına ən gözəl örnəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti deməyə imkan verir ki, Azərbaycan qadını hələ daha böyük uğurlara, daha böyük zəfərlərə nail olacaqdır. Azərbaycan qadınına yaraşan da məhz budur…
Qafar QƏRİB
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








