Naxçıvan Musiqi Kollecində kiber təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib -

Naxçıvan Musiqi Kollecində kiber təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

06 May 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan kollecin direktoru Məhəbbət Babayeva mövzunun aktuallığından bəhs edərək, müasir dövrdə kiber təhlükəsizliyin təmin olunmasının hər bir şəxs və təşkilat üçün vacib olduğunu vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Turqay Məhərrəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin əməkdaşı Pərviz Babayev kiberhücumların yaratdığı təhlükələr barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, kiberhücumlar fərdlər, biznes qurumları və təşkilatlar üçün ciddi risklər yaradır. Bu cür hücumlar həssas məlumatların oğurlanması, məlumat bazalarının məhv edilməsi və sistemlərin fəaliyyətinin pozulması ilə nəticələnə bilər. Bildirilib ki, kiberhücum növləri barədə məlumatlı olmaq və qabaqlayıcı tədbirlərin görülməsi bu risklərin minimuma endirilməsində mühüm rol oynayır.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanmış maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.