Dövlət Sərhəd xidmətinin qadın hərbi qulluqçuları təltif edilib -

Dövlət Sərhəd xidmətinin qadın hərbi qulluqçuları təltif edilib - VİDEO

07 Mart 2026

Dövlət Sərhəd Xidmətinin aparatında və struktur qurumlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Xidmətdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  bildirilib ki, çıxışlarda tarixboyu zəkası, cəsarəti və fədakarlığı ilə seçilən Azərbaycan qadınının müasir dövrdə də cəmiyyətin müxtəlif sahələrində fəal mövqe nümayiş etdirdiyi, hərbi və təhlükəsizlik strukturlarında, elm və təhsil mühitində, eləcə də mədəniyyət və incəsənət sahələrində səmərəli fəaliyyət göstərərək ölkənin sosial-iqtisadi inkişafına, ictimai-siyasi həyatına mühüm töhfələr verdiyi qeyd olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik prinsipləri əsasında Azərbaycan qadınının bu gün cəmiyyətin inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən birinə çevrildiyi xüsusi vurğulanıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb. Onlar dövlət sərhədlərinin etibarlı mühafizəsində, eləcə də hərbi təhsil, analitik fəaliyyət və tibbi təminat sahələrində məsul vəzifələri uğurla yerinə yetirərək sərhəd mühafizəsi sisteminin inkişafında özünəməxsus rol oynayırlar.

Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qətiyyəti, vətənə sədaqəti ilə fərqlənən sərhədçi qadın hərbi qulluqçuları və mülki işçiləri əlamətdar gün münasibətilə təbrik edərək xidməti fəaliyyətlərində, şəxsi həyatlarında uğurlar arzulayıb.

Xidmətdə fərqlənmiş bir qrup qadın hərbi qulluqçu və mülki işçi Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən təltif edilib.

Sərhədçi qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, gələcəkdə də respublikamızın sərhəd təhlükəsizliyinin təmin olunmasında əzmlə çalışacaqlarını ifadə ediblər.