Ötən ildə orta aylıq nominal əməkhaqqı 9,3 % artıb
2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3 % artaraq 1 102,9 manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 938,6 manat, qeyri neft-qaz sektorunda 1 050,7 manat təşkil edib, dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 1 080,8 manat, özəl müəssisələrdə isə 1 124,4 manat olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq aktları ilə dövlət büdcəsindən maliyyələşən müvafiq təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15 %, dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 %, həmçinin, hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə maaşları orta hesabla 10 %, bir sıra hərbi qurumların və hüquq mühafizə orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.








