Azərbaycan və Latviya sosial müdafiə sahəsində Tədbirlər Planı imzalayıb
Azərbaycan və Latviya sosial müdafiə sahəsində 2026-2027-ci illər üçün Tədbirlər Planı imzalayıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Latviyanın rifah naziri Reinis Uzulnieks ilə videoformatda görüşüb.
Görüş çərçivəsində Anar Əliyev və Reinis Uzulnieks iki qurum arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında memorandumun icrası ilə bağlı 2026-2027-ci illər üçün Tədbirlər Planını imzalayıblar.
Tədbirlər Planında aktiv əmək bazarı siyasəti, əlilliyi olan şəxslərin, gənclərin məşğulluğu, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin mühafizəsi, insan resurslarının idarə edilməsi, xidmətlərin rəqəmsallaşdırılması, himayədar ailə qayğı modelinin inkişaf etdirilməsi, sosial xidmətlərin göstərilməsində innovativ həllərin, süni intellektin tətbiqi və s. üzrə bilik və təcrübələrin mübadiləsi, ikitərəfli müzakirələrin aparılması nəzərdə tutulur.








