Culfa rayonunda yerləşən “Ərəzin II” gəc-gips yatağı üzrə hərrac keçirilib - FOTO
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hərraca Culfa rayonu ərazisində yerləşən “Ərəzin II” gəc-gips (sement xammalı) yatağı çıxarılıb. İlkin başlanğıc qiyməti 35 068 (otuz beş min altmış səkkiz) manat müəyyən edilən hərrac 42 000 (qırx iki min) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.












