Paşinyan: Azərbaycanla sülh növbəti yüz, hətta min il ərzində əhəmiyyət kəsb edəcək
2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsbit edilən Ermənistan və Azərbaycan arasındakı sülh son iki il yarım ərzində Cənubi Qafqaz üçün ən mühüm hadisələrdən biri olub.
"NAXÇIVANXƏBƏRLƏRİ"" məlumat verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən bildirib.
"Son iki il yarımın ən yaddaqalan hadisəsi Ermənistan və Azərbaycan arasında bərqərar edilmiş sülhdür. O, 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və mən birgə bəyannamə imzaladığımız zaman rəsmən təsbit edildi. Bu sənəd mahiyyətcə Ermənistan və Azərbaycan arasında sülhü bərqərar etdi", - Paşinyan bildirib.
O vurğulayıb ki, bu gün Cənubi Qafqazda baş verən dəyişikliklər "minilliklərlə olmasa da, əsrlərlə" əhəmiyyət kəsb edir.
Baş nazir həmçinin bildirib ki, Vaşinqton bəyannaməsi çox vacib və həssas bir məsələni - regional kommunikasiyaların blokdan çıxarılmasını həll etməyə imkan verib.
"Bu səylər tərəflərin beynəlxalq və daxili kommunikasiyalarında qarşılıqlı fayda nəzərə alınmaqla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə maneəsiz əlaqəni də əhatə edəcək", - o bildirib.








