Dubayda yaralanan azərbaycanlı xəstəxanadan buraxılıb

Dubayda yaralanan azərbaycanlı xəstəxanadan buraxılıb

11 Mart 2026

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan bildirilib.

Qeyd olunub ki, Baş konsulluq vətəndaşı və ailə üzvünü hava limanına yola salıb. Həmin şəxsin bu gün Dubaydan müntəzəm reyslə Azərbaycana geri qayıdışı nəzərdə tutulur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.